Qazaxıstanda legioner həyatı yaşayan Azərbaycan futzal millisinin üzvü Rövşən Hüseynli "Atırau"nun heyətində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, qapıçımızın komandasının rəqibi iddialılardan "Aktobe" olub.
Yarışın reqlamentinə görə, bu rəqiblə iki gün ərzində ardıcıl iki matça çıxan Rövşənin komandası ilk dueldə 3:0 hesabı ilə qalib gəlib. Saysız-hesabsız qurtarışları ilə qapısını toxunulmaz saxlayan Hüseynli ötən gün baş tutan dueldə cəmi 1 dəfə topu tordan çıxarmalı olub - 1:1.
Beləliklə, xallarını 33-ə çatdıran "Atırau" 5-ci pillədə mövqeyini möhkəmləndirməklə yanaşı, 3-cü yerdəki "Aktobe" ilə fərqi 3-ə endirib. Ümumiyyətlə, qeyd edək ki, Rövşən Hüseynlinin komandası son 10 oyunda cəmi 1 məğlubiyyət acısı yaşayıb ki, lider "Kayrat"ın qələbəsinə mane olmaq mümkün olmayıb. Qalan 9 oyundan 6-da meydanı 3 xalla tərk edən "Atırau" 3 dəfə heç-heçə ilə kifayətlənib.
Mirağa