Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Futzal üzrə UEFA Çempionlar Liqasında növbəti mövsümün startına iki həftədən də az müddət qalır. Azərbaycanı qitə turnirində təmsil edəcək "Araz-Naxçıvan" yarışa ilkin təsnifat mərhələsindən başlayacaq. Yarış ərəfəsində komandamızın ÇL perspektivini, son illərdə müşahidə olunan uğursuzluq sindromunu aradan qaldıra bilmək imkanlarını araşdırmaq yerinə düşər.
Məşq statuslu mərhələ
Bəribaşdan qeyd edək ki, "Araz-Naxçıvan" H qrupunda "Uddevalla" (İsveç), "Sillamae Silla" (Estoniya) və "Sparta Belfast" (Şimali İrlandiya) komandaları ilə mübarizə aparacaq. Qrupun oyunları İsveçdə baş tutacaq. Təmsilçimiz ilk oyununu avqustun 21-də “Sparta Belfast”a qarşı keçirəcək. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ertəsi gün “Sillamae Silla”, avqustun 24-də isə meydan sahibləri ilə üz-üzə gələcək.
Qeyd etdiyimiz kimi, naxçıvanlılar mübarizəyə ilkin təsnifat mərhələsindən başlayacaq və bu nə qədər xoş səslənməsə də, digər tərəfdən komandanın lehinə olan amil sayılmalıdır. İyulun sonundan təlim-məşq toplanışına başlayan və gündə iki məşq olmaqla hazırlığını davam etdirən "Araz-Naxçıvan" heyətini yenidən komplektləşdirib. Ancaq həm uyğunlaşma, həm də fiziki çalışmaların fonunda sınaq görüşlərinin keçirilməməsi problem yarada bilər. Bu baxımdan, ilkin mərhələ oyun planında da yüksəlişə rəvac verməlidir...
Münasib rəqiblər
...Bir şərtlə ki, hər üç matçı qalib başa vurub qrup lideri kimi yeganə vəsiqə əldə olunsun. Hər halda, Vitali Borisov və yetirmələri üçün ötənilki ÇL dərs olmalıdır. Komanda Latviyada keçirilən ilk mərhələ oyunlarında uğursuz çıxış edərək mübarizəni dayandırmalı olmuşdu. Nəticədə son dörd ildə ikinci dəfə əsas mərhələ üzünə həsrət qalmışdıq.
“Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq. Rəqiblər isə “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı, ilkin mərhələnin B qrupunda yer alan “Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) komandalarından ən güclüsü olacaq. Bu mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.
Prinsipcə, bu il minimum tapşırığın öhdəsindən gəlmək elə də çətin olmamalıdır. Borisov baş məşqçi kimi debüt mövsümündə yeganə vəsiqəni meydan sahibi "Riqa"ya güzəştə getmişdisə, builki rəqiblərdən heç biri Latviya çempionu səviyyəsində deyil. "Riqa"nın heyətində dünya ulduzu Rikardinyonun "Araz-Naxçıvan"a qarşı oynadığını yada salmaq kifayət edər.
"Araz-Naxçıvan" güclənib, yoxsa?
Birmənalı olaraq "hə" cavabı vermək mümkündür. Azərbaycan Futzal Federasiyasının millidə apardığı islahat, başqa sözlə, "legionersiz yığma" xətti tutmasının əksinə olaraq, "Araz-Naxçıvan" heyətinə gəlmələri cəlb etməkdədir. Bəlkə də Zaur Axundov Borisova millidə sırf yerlilərlə işləmək baxımından motivasiyanı kluba cəlb etdiyi legionerlərlə reallaşdırır.
Həm də klubdakı əcnəbilərin heç biri sıradan oyunçular deyil. Düzdür, Serjao, Biro Jade, Tyaqu kimi futzalçıların olduğu "qızıl nəsil"lə paralellər aparmaq olmaz, amma hazırki heyətdə samballı oyunçular var. Mövsümün sonunda Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayıran ölkə çempionu məhz Biro Jadenin rəhbərlik etdiyi Qazaxıstan "Jetısu"sundan Kadinyo və Kayke Aledes De Oliveyranı, Serbiya millisinin təcrübəli oyunçuları Marko Prşiç, Yaniç Aleksandar və Lazar Milosavlyeviçi, Portuqaliyada top qovan "samba"çı Giovanni Valerionu heyətinə qatıb. Bundan başqa, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalanıb.
Elə yerli futzalçıların seçimində də keyfiyyət indiki heyətdəkilərin tərəfindədir. Hərbi xidmətə yollanan Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov, eləcə də Həsənəli Rəhimovun əvəzinə komandaya "Neftçi" İSM-dən Ülvi Əliyev, "Baku Fire"dən Kənan Manafov, U-19-dan Ülvi əliyev cəlb olunublar. Düzdür, yerlilərin ÇL-də əsas heyətdə oynaması az ehtimal olunandır. Amma istənilən halda, Borisov yeniləri artıq millidən tanıyır və güvənir.
Borisova verilən son şans
Ötən ÇL mövsümündəki uğursuzluğu Vitali Borisovun gənc məşqçi olmasına, debütünə bağışlayan klub rəhbərliyi qarşıdakı yarışda onun qarşısına konkret tapşırıq qoyub: ilkin və əsas mərhələdə uğursuzluq olmamalıdır.
Əslində, Borisov bu müddətdə həm klubda, həm də millidə məşqçi kimi xeyli bişib. "Araz-Naxçıvan"ın tarixinə 15 il sonra "qızıl dubl" edən mütəxəssis kimi düşən, başqa sözlə, həm çempion olan, həm də kuboku qazanan mütəxəssis millidə DÇ-nin elit raundunda xeyli təcrübə topladı.
Borisov qarşıdakı sınaqdan üzüağ çıxmaqla yerli məşqçilərə olan inamı da bərpa edə bilər. Axı Zaur Axundov uzun illər istər "Araz-Naxçıvan"da, istərsə də yığmada əcnəbi mütəxəssislərə güvənib. Əfsanəvi futzalçı məşqçi kimi özünü doğrultmaqla, səxavət kisəsini açaraq samballı legionerlər transfer edən "Araz-Naxçıvan" rəhbərliyinin qarşısına qoyduğu vəzifəni yerinə yetirməklə, çox şeyə nail ola bilər.
Tarixə boylanaq...
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayıb. İlk dəfə qitəmiqyaslı yarışa "Turan AİR" ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb.
Təmsilçilərimiz arasında ən çox “Araz_Naxçıvan” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədir. Belə ki, “Araz-Naxçıvan” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib.
Onu da qeyd edək ki, UEFA Kuboku 2018/2019 mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub.
Klublarımızın futzal üzrə UEFA Çempionlar Liqasındakı nəticələrini diqqətinizə çatdırırıq:
Turan AİR
2001/02 (Elman Ələkbərov)
İlkin təsnifat mərhələsi (İtaliya)
03.11.2001 Roma (İtaliya) 0:4
04.11.2001 Memfis (Moldova) 5:0
06.11.2001 Araks (Ermənistan) 5:3
2002/03 (Elman Ələkbərov)
İlkin təsnifat mərhələsi (Yuqoslaviya)
07.10.2002 Niş (Yuqoslaviya) 1:4
08.10.2002 Afina (Yunanıstan) 3:2
AMMK
2003/04 (Fazil Qarayev)
İlkin təsnifat mərhələsi (Azərbaycan)
06.10.2003 Oma (Latviya) 3:3
07.10.2003 Dubnitsa (Slovakiya) 1:1
09.10. 2003 Prato (İtaliya) 9:7
Turan AİR
2004/05 (Elman Ələkbərov)
İlkin təsnifat mərhələsi (Azərbaycan)
05.10.2004 Lesna Litiya (Sloveniya) 3:4
06.10.2004 Buqroff (Latviya) 4:4
08.10.2004 Arzinyano (İtaliya) 0:6
Araz-Naxçıvan
2005/06 (Hacıbala Abdullayev)
İlkin təsnifat mərhələsi (Bosniya və Herseqovina)
17.10.2005 Morlanvels (Belçika) 4:4
18.10.2005 Mostar (Bosniya və Herseqovina) 2:4
20.10.2005 De Hommel (Niderland) 3:0
2006/07 (Arkadi Belıy)
Əsas təsnifat mərhələsi (Xorvatiya)
12.10.2006. Split (Xorvatiya) 5:3
13.10.2006. Afina (Yunanıstan) 5:1
15.10.2006 Slov-Matik (Slovakiya) 10:4
Elit raund (Polşa)
05.12.2006 Xojuv (Polşa) 3:3
06.12.2006 Şarlerua (Belçika) 4:6
08.12.2006 Marbo (Serbiya) 1:3
2007/08 (Məmmədqulu Zeynalov)
Əsas mərhələ (Azərbaycan)
10.09.2007 Luparense (İtaliya) 0:3
11.09.2007 Kamelot (Moldova) 4:1
13.09.2007 Slov-Matik (Slovakiya) 3:4
2008/09 (Böyükağa Hacıyev)
Əsas mərhələ (Azərbaycan)
11.09.2008. Şkövde (İsveç) 11:1
12.09.2008. Nadin (Bolqarıstan) 6:1
14.09.2008 Slov-Matik (Slovakiya) 4:2
Elit raund (Xorvatiya)
08.11.2008 Nasional (Xorvatiya) 4:3
09.11.2008 Dinamo-Yamal (Rusiya) 2:4
11.11.2008 Odorheyu (Rumıniya) 6:4
2009/10 (Joze Alessio da Silva)
Əsas mərhələ (Xorvatiya)
02.10.2009 Omoniya (Kipr) 4:1
03.10.2009 Kolubara (Serbiya) 4:0
04.10.2009 Podpiçan (Xorvatiya) 4:4
Elit raund (Azərbaycan)
19.11.2009 Nikars (Latviya) 7:1
20.11.2009 Atina-90 (Yunanıstan) 7:0
22.11.2009 Kayrat (Qazaxıstan) 4:3
Dördlər finalı (Portuqaliya, Lissabon)
Yarımfinal
23.04.2010 İntervyu (İspaniya) 2:5
3-cü yer uğrunda
25.04.2010 Luparense (İtaliya) 2:2, pen. - 5:4
2010/11 (Joze Alessio da Silva)
Əsas mərhələ (Rumıniya)
28.09.2010 Sportinq Finqal (İrlandiya) 7:4
29.09.2010 Nikars (Latviya) 7:1
01.10.2010 Tırqu-Mureş (Rumıniya) 3:1
Elit raund (Rusiya)
22.11.2010 Ararat-Nikosiya (Kipr) 2:1
23.11.2010 Montesilvano (İtaliya) 2:2
25.11.2010 VİZ-Sinara (Rusiya) 2:3
2011/12 (Joze Alessio da Silva)
Elit raund (İspaniya)
17.11.2011. Eyndhoven (Niderland) 5:3
18.11.2011. Xrudim (Çexiya) 3:4
20.11.2011 Barselona (İspaniya) 2:2
2012/13 (Joze Alessio da Silva)
Əsas mərhələ (Macarıstan)
05.09.2012 EİD (İrlandiya) 2:1 (-:+)
06.09.2012 Eyndhoven (Niderland) 4:3
08.09.2012 Qyori ETO (Macarıstan) 5:5
Elit raund (Sloveniya)
10.10.2012 Litija (Sloveniya) 3:5
11.10.2012 Barselona (İspaniya) 1:7
13.10.2012 Split (Xorvatiya) 5:1
2013/14 (Joze Alessio da Silva)
02.10.2013 Atina-90 (Yunanlstan) 5:1
03.10.2013 Satelino (Belçika) 3:1
05.10.2013 Tırqu Mureş (Rumıniya) 3:3
Elit raund (Portuqaliya)
21.11.2013 Eyndhoven (Niderland) 6:3
22.11.2013 Qyori ETO (Macarıstan) 5:0
24.11.2013 Sportinq (Portuqaliya) 6:3
Dördlər finalı (Bakı, Azərbaycan)
Yarımfinal
24.04.2014 Barselona (İspaniya) 4:4, pen. - 2:4
3-cü yer uğrunda oyun
26.04.2014 Kayrat (Qazaxıstan) 6:4
2014/15 (Tino Perez)
Elit raund (Çexiya)
18.11.2014 Slov-Matik (Slovakiya) 3:4
19.11.2014 Dina (Rusiya) 4:5
21.11.2014 Xrudim (Çexiya) 0:6
2016/17 (Milton Luiz Ziller Junior)
Əsas mərhələ (Makedoniya)
11.10.2016 TDU (Gürcüstan) 7:1
12.10.2016 Feniks (Kosovo) 1:0
14.10.2016 Zelazareç (Makedoniya) 15:4
Elit raund (Xorvatiya)
23.11.2016 Nasional (Xorvatiya) 1:2
24.11.2016 Yuqra (Rusiya) 0:4
26.11.2016 Hamburq (Almaniya) 1:5
2017/18 (Joze Alesio da Silva)
Əsas mərhələ (Rumıniya)
11.10.2017. Mostar (Bosniya və Herseqovina) 5:2
12.10.2017. Sent-Endryus (Malta) 6:4
14.10.2017. Deva (Rumıniya) 3:6
2018/2019 (Joze Alesio da Silva)
Əsas mərhələ (Slovakiya)
03.10.2018 Vytis (Litva) 0:1
04.10.2018 Valletta (Malta) 1:1
06.10.2018 Luçenec (Slovakiya) 2:5
2019/2020 (Joze Alesio da Silva)
Əsas mərhələ (Belçika)
09.10.2019 Halle Gooik (Belçika) 1:5
10.10.2019 Benfika (Portuqaliya) 0:7
12.10.2019 Xerson (Ukrayna) 3:8
2020/2021 (Joze Alesio Da Silva)
İlkin seçmə mərhələ, pley-off (Yunanıstan)
28.11.2020 AEK (Yunanıstan) 3:3, pen. - 3:4
2021/2022 (Joze Alesio Da Silva)
İlkin seçmə mərhələ (Latviya)
21.08.2021 Europa (Cəbəllütariq) 9:2
22.08.2021 Kampuksen Dinamo (Finlandiya) 4:4
24.08.2021 Raba (Latviya) 8:4
Əsas seçmə mərhələ (Ukrayna)
28.10.2021 Uraqan (Ukrayna) 1:2
29.10.2021 Yunayted Qalati (Rumıniya) 5:3
31.10.2021 Liqeni (Kosovo) 6:6
2022/2023 (Joze Alesio Da Silva)
Əsas seçmə mərhələ (Bosniya və Herseqovina)
26.10.2022 Orebro (İsveç) 2:5
27.10.2022 Lozniça Qrad (Serbiya) 1:4
29.10.2022 Mostar (Bosniya və Herseqovina) 2:3
2023/2024 (Vitali Borisov)
İlkin seçmə mərhələ (Latviya)
23.08.2023 İstanbul Şişli (Türkiyə) 9:1
24.08.2023 Yan Regensburq (Almaniya) 5:0
26.08.2023 Riqa (Latviya) 3:8
"Şimali İrlandiya nə vaxtdan futzal ölkəsi olub?"
Azərbaycan millisinin sabiq kapitanı, tanınmış futzal mütəxəssisi Ağatahir Əzimovun "Araz-Naxçıvan"ın performansı barədə fikirlərini öyrənməyi də vacib saydıq. Əzimov Fanat.Az-a açıqlamasında həm mərhələ şansı, həm də komandanın transferləri haqda düşündüklərini bölüşdü:
"İstər İsveç olsun, istər Estoniya, istərsə də Şimali İrlandiya, onların təmsilçilərini "Araz-Naxçıvan"la tərəzinin eyni gözünə qoymaq olmaz. Ümumiyyətlə, Şimali İrlandiya nə vaxtdan futzal ölkəsi olub? İsveçlərlə estonları isə həmişə udmuşuq. Düzdür, son illərdə qeydə alınan uğursuz nəticələrə görə gözümüz qorxub. Ötən il Latviyada mərhələ adlaya bilmədik, üç il əvvəl də Yunanıstanda mübarizəni elə startda dayandırmışdıq. Halbuki, Joze Alesio da Silva həmin il heyəti legionerlərlə doldurmuşdu. Vitali Borisov da komandaya bir neçə əcnəbi oyunçu cəlb edib. Ancaq insafən, yeni gələnlər səviyyəli oyunçulara oxşayır. Adları, milli üzvü olmaları, məşqdəki performansları ümid verir.
"Araz-Naxçıvan"ın ilk mərhələni çətinlik çəkmədən keçəcəyini, buna borclu olduğunu düşünürəm. İkinci mərhələ çətin olacaq. Çünki əsas mərhələdə Fransa, Belarus komandaları ilə qarşılaşmaq ehtimalı var. Hər iki ölkədə futzal inkişaf edib".
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.