Futzal millimiz Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində elə də uğurlu nəticə göstərmədi. Daha doğrusu, qarşıya qrupdan çıxmaq məqsədi qoyulsa da, bu arzu gerçəkləşmədi. Xüsusən də ilk oyunda çempionatın debütantı olan Gürcüstan millisinə məğlubiyyət milli üçün gözlənilməz idi. Bundan əlavə heyətdə də müəyyən problemlər yaşandı. Bəzi futzalçıların COVİD-19 testi pozitiv nəticə göstərdiyindən karantinə alındılar və komandaya lazımınca kömək göstərə bilmədilər. Testi müsbət nəticə göstərən oyunçulardan biri də Xətai Bağırov idi.
Xətai Qaynarinfo-ya müsahibəsində həm yığmanın nəticələri, həm də düşdüyü durumla bağlı fikirlərini bölüşüb.
- Niderlanddakı oyunlarla bağlı təəssüratlarınız necədir?
- Əsas birinci – Gürcüstan millisi ilə oyun udulmalı idi ki, qrupdan çıxmaq şanslarımız 90 faiz həllini tapsın. Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə ərzində hesabda 2:0 önə keçdik. Sonra uşaqlar yoruldu. Şəxsi fikrimdir, əsasən 6-7 nəfərlə oynadığımız üçün uşaqların gücü çatmadı. Məncə, digər oyunçulardan da istifadə edilsəydi, daha yaxşı olardı. Çünki 7 nəfər 40 dəqiqə dözə bilmir. Nə qədər yaxşı fiziki hazırlığın olursa-olsun, yenə də boşluq yaranacaqdı. Onlar da bu boşluqlardan istifadə etdilər. Ümumilikdə belə baxanda pis oynamadıq. İkinci oyunda dünyanın ən güclü millilərindən, keyfiyyətli futzalçılara, yaxşı liqalara malik olan İspaniya ilə heç-heçə etdik. Bu nəticədən sonra şans yarandı. Belədə mərhələ adlamağımız üçün, gürcülər ispanları məğlub etməli idi. Biz də Bosniya və Hersoqovinanı məğlub edib növbəti mərhələyə adlaya bilərdik. Bosniya və Hersoqovinanı udduq, gürcülər isə ispanlara fantastik hesabla uduzdu. Ona görə də qrupdan çıxmaq şansımız bitdi.
- Qarşıya qrup mərhələsini adlamaq məqsədi qoyulmuşdu. Komanda buna nə dərəcədə hazır idi?
- Fikrimcə, hansısa etapları keçməyə ehtiyac yox idi. Hazırkı millimiz Gürcüstanı məğlub edə biləcək səviyyədədir. Oyunçuların, məşqçinin buraxdığı səhvlərə görə uduzduq. Hazırlığımızın buna heç bir dəxli yox idi. Çünki İspaniyada, Rusiyada, Fransada oynayan futzalçılarımız var. Qalanı da "Araz-Naxçıvan”ın üzvüdür. Məncə, səviyyəmiz yaxşı idi. Birinci oyunda bəzi kiçik detallara görə çox şeyi itirdik.
- Oyundan əvvəl Gürcüstan millisinin çox təriflənməsi, güclü braziliyalı futzalçılara malik olması ilə bağlı fikirlər vardı. Düşünmək olar ki, bu amil də komandada həyəcana və zəif çıxışa səbəb oldu?
- Komanda yoldaşlarımda belə bir şey hiss etmədim. Çünki hamısı təcrübəli, yaxşı liqalarda oynayan futbolçulardır. Konkret olaraq heç bir oyunçuda həyəcan, hazırlıqsızlıq görmədim. İlk dəqiqələrdən görünürdü ki, onları hərtərəfli üstələyirik. Mən yorulmağı səbəb göstərərəm. 6-7 nəfərin gücü sona qədər çatmadı.
- Yeri gəlmişkən, məşqçinin oyunu cəmi 6-7 nəfərin üzərində qurmasına reaksiyanız necədir?
- Məşqçinin işinə qarışmaq istəmərəm. Amma normal yanaşsaq, əslində 10-12 nəfərdən istifadə edə bilərdi. Bu, məşqçinin qərarıdır. Hörmətlə yanaşıram. Məşqçi görür ki, meydana buraxdığı oyunçunun oyunu alınır, onunla davam edir. Axsamağa başlayanda isə əvəzləyir. Bu, artıq məşqçinin qərarıdır. Bütün məsuliyyət məşqçinin üzərinə düşür.
- İspanlarla oyun göstərdi ki, komanda daha yaxşı nəticə göstərə bilərdi. Buna nə mane oldu?
- Müəyyən kiçik detallar vardı. Hansı ki, futzalçılar üzərinə düşənlərin hamısını etmədi. Kimsə fiziki cəhətdən yoruldu. Ola bilsin, kimsə oyunun gedişatında həyəcanlandı. Xırda detallarda geri düşdük. Səhvdən qol buraxdıq. Gürcülər penaltidən fərqləndilər. Birinci hissəni necə başlamışdıqsa, ikinci hissədə onlar bizə qarşı elə oynadılar. Hər qol vuranda da həvəsləndilər. Nəticədə oyunları yaxşı alındı. Ancaq biz gürcülərə uduzası milli deyildik. Məncə, şanssızlıq da yaşadıq.
- Siz milliyə yeni-yeni çağrıldığınız dönəmlərdə komandada daha ciddi rəqabət vardı. Millimizin xeyli zəiflədiyini düşünmək olarmı?
- Deməzdim zəifləyib. Biz Avropa çempionatından əvvəl 7 ay yarım idi ki, komanda kimi yığılıb təlim-məşq toplanışı keçmirdik. Bilirəm bu, çempionatlardan da asılıdır. Futzalçıların biri İspaniyadan, digəri Rusiyadan və başqa ölkələrdən gəlir. Koronavirusla bağlı bir sıra planlar da təxirə düşdü. 7 aydan sonra yığılıb Ukrayna ilə oynadıq. Hansı ki, onlar bizimlə oynayana qədər bir ayın içində İspaniya və başqa millilərlə yoxlama matçı keçirmişdi. Bunun da nəticəsi olaraq Ukrayna 1/4 finala qədər irəlilədi. Avropa çempionatına Belçikadan yollandıq ki, heç olmasa bir oyun da əlavə keçirək. Belçika ilə oyundan sonra Qroningenə yollanıb məşqlərimizi orada davam etdirdik.
- Niderlandda sizin də testiniz pozitiv nəticə göstərmişdi. Necə oldu ki, virusa yoluxdunuz? Ümumiyyətlə, karantin müddətində özünüzü necə hiss edirdiniz?
- Bu müddətdə heç bir narahatlıq, simptom hiss etmədim. Amma bu elə bir şeydir ki, 7 gün karantində qalmalısan. Biz də buna əməl etmək məcburiyyətində idik. Heç kim qərardan kənara çıxa bilməz. Çünki təkcə özünü düşünməməlisən. Heç nə hiss etməyə, amma çıxıb virusu yaya bilərsən. Nə dedilərsə, yerinə yetirdik. Karantin müddəti bitdi, birdəfəlik testlərdən yararlandıq. Neqativ olan kimi PCR testi də verib Azərbaycana qayıtdıq. Özümdə heç nə hiss etmədiyim üçün yoluxmanı fikrimdən belə keçirmirdim. Öz otağımda olan ləvazimatlar vasitəsilə məşq edirdim. Tapşırıq verilmişdi ki, hər gün test etməliyik. Bundan əlavə, oyuna bir gün qalmış PCR testi də verirdik. Məndə də nəticə pozitiv olduğu üçün qaldım. Heç kimdən şübhələnmirdim. Çünki hər gün test olurdu. Sonra otağı dəyişdirdilər. Onsuz da hamı otaqlarda tək-tək qalırdı ki, virus olsa başqasına yoluxdurmasın. Məni də ehtiyat üçün komandanın olmadığı mərtəbəyə yerləşdirmişdilər.
- İlk oyunda bu səbəbdən Rövşən Hüseynli ilə Qalo da komandaya kömək edə bilmədi...
- Əlbəttə, bunun da təsiri oldu. İndiyə qədər bütün hazırlıq oyunlarında qapıda Rövşən dayanırdı. İspaniyanın ən yaxşı klublarından birində oynayan Qalonun da olmaması oyunumuza çox təsir etdi. Gürcülərlə oyunda bizə kömək edə bilərdilər.