Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsi çərçivəsində dünəb baş tutan “Baker Tilly” – “Araz-Naxçıvan" oyununda sürpriz nəticə (5:4) qeydə alınıb.
Fanat.Az xəbər verir ki, cəmi 6 futzalçı ilə matça gələn, hətta qapıçı Rövşən Hüseynlinin xidmətindən meydan oyunçusu kimi istifadə edən ölkə çempionu məğlub olaraq kubokda mübarizəni dayandırıb.
Son illər adətən, kuboka önəm verməyən "Araz-Naxçıvan"ın İkinci Liqa təmsilçisi ilə görüşdə bilərəkdən uduzduğu şübhə doğurur. Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov Fanat.Az-a verdiyi açıqlamada bu ehtimalı təkzib edib:
"Bilərəkdən uduzmaqdan söhbət gedə bilməz. Sadəcə, heyətlə bağlı problemlərimiz var. İsa Atayevlə Ramiz Çovdarov Avropa Çempionatının final mərhələsində zədələnib. Ramiz "Ekol"la oyunda məcburiyyətdən meydana buraxılsa da, durumu yaxşı deyil. Bu üzdən bir neçə gündü fizioterapiyaya gedir. İsa isə hələ də zədəsini sağaltmaqla məşğuldu. Bir neçə günə yüngül məşqlərə başlaya biləcək. Bundan başqa, üç braziliyalı futzalçımız - Felipinyo, Maneka və David Qustavo xəstədi. Hərarətləri var. Düzdür, test nəticələri neqativ çıxdı, ancaq özlərini pis hiss edirdilər. Heyətlə bağlı problemə görə bu gün və sabahkı məşqlər ləğv olunub. Komanda şəraitdən asılı olaraq, çərşənbə günü bir araya gəlməyi planlaşdırır".
Sadıqov hətta oyuna çıxmamaq variantının olduğunu da bildirib: "Hətta belə fikir var idi ki, komanda oyuna çıxmasın. Amma bu, yarışa hörmətsizlik olardı. Qərara alındı ki, iki qapıçı - Azər Fərmanov, Rövşən Hüseynli və 4 meydan oyunçusu - Murilyo, Rizvan Fərzəliyev, Xətai Bağırov, Fərid Ələkbərov - ilə oyuna çıxaq. Gənc Azər qapıda dayandı, Rövşən isə sahə oyunçusu kimi komandaya kömək elədi. Təəssüf ki, bütün güclərini meydanda qoymaqlarına rəğmən, qalib gəlməyə gücləri yetmədi".
Mirağa