UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz-Naxçıvan” mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, təmsilçimiz bu gün İsveçin “Orebro” klubu ilə üz-üzə gələcək.
Bosniya və Herseqovinada baş tutacaq qrupun açılış oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
"Araz-Naxçıvan" oktyabrın 27-də "Loznika Qrad" (Serbiya) və 29-da "Mostar" (Bosniya və Herseqovina) klubları ilə üz-üzə gələcək. 5-ci qrupdan ancaq birinci pillənin sahibi olan komanda elit-raunda yüksələcək.
İndiyə qədər 13 dəfə əsas mərhələdə iştirak edən Naxçıvan təmsilçisi 9 dəfə elit-raunda yüksəlməyi bacarıb. İlk dəfə 2006/2007 mövsümündə bu tapşırığın öhdəsindən gələn “Araz-Naxçıvan” 2016/2017-dən sonra elit-raundda oynamayıb. Baş məşqçi Miltinyonun rəhbərliyi altında Makedoniyada keçirilmiş əsas mərhələ matçlarında maksimum xal toplayan komandamız elit-raundda uğursuz çıxış etmişdi.
Ümumilikdə isə “Araz-Naxçıvan” qitənin ən nüfuzlu klub turnirində 2 dəfə “Dördlər Finalı”nda iştirak edib və hər ikisində bürünc medal qazanıb.
Çempionlar Liqası
Əsas mərhələ
Araz-Naxçıvan – Orebro (İsveç)
26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)