"Zaqrebə qızıl medal ardınca gəlmişdim. Çox iddialı idim. Şükür ki, hədəfimə çatdım, ötənilki gümüş medalı qızıla çevirdim".
Bunu Fanat.Az-a açıqlamasında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Əliabbas Rzazadə deyib.
25 yaşlı idmançı növbəti hədəfinin dünya çempionatında fərqlənmək olduğunu bildirib:
"Yüngül çəki Azərbaycanda həmişə güclü olub. Bizim Namiq Abdullayev kimi olimpiya çempionumuz var. Mən də onun uğurunu təkrarlamaq istəyirəm. Yaxın gələcəkdəki hədəfim isə var-gücümlə Serbiyada keçiriləcək dünya çempionatına hazırlaşıb oradan Olimpiadaya lisenziyanı təmin etməkdir".
Qeyd edək ki, Əliabbas Rzazadə finalda türkiyəli Süleyman Atlıya 12:2 hesabıyla qalib gəlib.
Sahib