Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün qadın güləşi üzrə yarışlar start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirin üçüncü günündə Azərbaycanın iki idmançısı xalça üzərinə çıxacaq.
Elnurə Məmmədova (55 kiloqram) təsnifat mərhələsində Biatris Ferenti (Rumıniya), Alyona Kolesnik (59 kiloqram) Fatma Şaban (Bolqarıstan) / Alesiya Hetmanava (UWW - Belarus) cütünün qalibini sınağa çəkəcək.
Bu gün, həmçinin Azərbaycanın sərbəst güləşçilərindən Ağanəzər Novruzov (74 kiloqram) bürünc medal uğrunda Ramazan Ramazanovla (Bolqarıstan), Osman Nurməhəmmədov (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə finalda müvafiq olaraq, Dauren Kuruqluev (Yunanıstan) və Solomon Manaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.