İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.
1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi yığması 131 xalla birinci yeri tutub. Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub.
Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, bu komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.
Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş millimiz İtaliyada Avropa çempionu olub.