Azərbaycan Güləş Federasiyası bu idman növünün daha da inkişaf etdirilməsi üçün fəaliyyətini genişləndirir.
Fanat.Az xəbər verir ki, bu məqsədlə müstəqil güləş tariximizdə ilk dəfə U-15 Azərbaycan çempionatı keçiriləcək.
Ölkənin bütün bölgələrindən azyaşlı yeniyetmələrin cəlb olunduğu bu yarış əvvəlcə 5 zona üzrə keçirilir. Bakı (16-19 may), Lənkəran (16-17 may), Göyçay (18-19 may), Şəmkir-Gəncə (20-21 may) və Şamaxıda (22-23 may) ətraf şəhər və rayonların idmançılarının iştirakıyla zona yarışları təşkil olunur.
Bu yarışlar iyunun 7-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində baş tutacaq sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatına seçim xarakteri daşıyır. 4 gün davam edəcək çempionatın nəticələrinə əsasən, azyaşlı yeniyetmələrdən ibarət yığma komandalarımızın heyəti formalaşacaq. Daha sonra milli komandalarımız Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçəcək.
U-15 Avropa çempionatı iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.