Azərbaycanın 4 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yer alan Vasif Bağırov finalda fransalı Rasul Qalburayevlə qarşılaşıb. Rəqibini "tuşe" ilə məğlub edən Bağırov Avropa çempionu olub.
Camal Abbasov (55 kq) həlledici dueldə ukraynalı İliya Şketiki 6:1, İlyas İsayev (65 kq) gürcü Qoqa Otinaşvilini 3:0, Yusif Dursunov (110 kq) türkiyəli Taha Yakup Temeli 6:0 hesabı ilə yenərək qitə birinciliyinin baş mükafatına sahib çıxıblar.
Digər milli üzvü Şəmistan Axundov (80 kq) isə bürünc medal uğrunda görüşdə ukraynalı Pavlo Vaskovskini 5:4 hesabıyla üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Beləliklə, sərbəst güləşçilər qitə birinciliyinə 4 qızıl və 1 bürünc medalla start verib.
Sabah - yarışın son günündə daha üç güləşçimiz finalda mübarizə aparacaq. İki təmsilçimiz isə bürünc mükafat uğrunda güləşəcək.