Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatına yekun vurulacaq.
Fanar.Az xəbər verir ki, son gündə sərbəst güləş üzrə daha beş çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən üçü finalda, ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq.
45 kiloqram çəki dərəcəsində yer alan Sadiq Hüseynov "qızıl" görüşündə gürcüstanlı Nikoloz Botçorişvili ilə üz-üzə gələcək.
Elman Ağayev (51 kq) finalda ermənistanlı Narek Hakobyanın, Ağa Qasımov (60 kq) türkiyəli Abdullah Toprakın müqaviməti qırmağa çalışacaq.
92 kq-dakı Rəvan Musayev üçüncü yer uğrunda Yaroslav Lisniakla (Ukrayna) qarşılaşacaq. Ağanəzər Novruzovun (71 kq) "bürünc" qarşılaşmasındakı rəqibinin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
Medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, sərbəst güləş millimiz hazırda 4 qızıl, bir bürünc medala sahibdir. Hesabında 115 xal olan yığma ən yaxın izləyicisi Gürcüstanı 49 xal qabaqlayır.