Azərbaycanın daha iki sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, Sadiq Hüseynov (45 kq) həlledici görüşdə gürcüstanlı Nikolos Botçorişvilini 10:0, Elman Ağayev (51 kq) isə ermənistanlı Narek Hakobyanı 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.
Finaldakı digər təmsilçimiz Ağa Qasımov türkiyəli rəqibi Abdullah Topraka məğlub olaraq gümüş mükafatla kifayətlənib.
Üçüncü yer uğrunda qarşılaşmaya çıxan Ağanəzər Novruzov erməni Razmik Yepremyanla gərgin keçən dueldən 6:5 hesabı ilə qalib ayrılıb.
"Bürünc" uğrunda güləşən digər idmançımız Rəvan Musayev (92 kq) isə ukraynalı Yaroslav Lisniyaka uduzaraq (0:2) beşinci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri qitə birinciliyini 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Xatırladaq ki, daha əvvəl yığma üzvlərindən Vasif Bağırov (48 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub, Şəmistan Axundov (80 kq) bürünc medala sahib çıxıb.