Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, güləş yarışlarının ikinci günündə Azərbaycanın 8 təmsilçisi xalça üzərinə çıxıb. Onlardan yeddisi axşam seansında medallar uğrunda mübarizə aparacaq.
Qadın güləşi üzrə 53 kiloqram çəki dərəcəsində Leyla Qurbanova və 72 kq-da Gözəl Zutova iki görüşdə qalib gələrək finala yüksəliblər. Həmçinin kişi sərbəst güləşçilərdən İslam Bazarqanov (61 kq) üç qarşılaşmanı üstünlüklə tamamlayaraq adını finala yazdırıb.
Tatyana Omelçenko (62 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq) və Osman Nurməhəmmədov (92 kq) ilk görüşdə qalib gəlsələr də, yarımfinalda məğlub olublar. Beləliklə, onlar bürünc medal uğrunda güləşəcəklər.
125 kq çəkidəki Rahid Həmidli isə A qrupunda üç görüş keçirib. Cəmi bir görüşdə qələbə qazanan idmançı mübarizəni dayandırıb.
Qeyd edək ki, hazırda Azərbaycan güləşçilərinin aktivində 6 medal var. Bunlardan üçü qızıl, ikisi gümüş, biri bürüncdür.