Karate millimizin baş məşqçisi dəyişib.
Oxu.a-ın xəbərinə görə, türk məşqçi Bahattin Kandazla müqavilə başa çatıb. Onu millimizdə köməkçi işləyən Qurban Tağıyev əvəzləyib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov oxu.az-ın xəbərini təsdiqləyib:
"Bahattin Kandazın bizimlə müqaviləsi başa çatıb. Onun müqaviləsi Olimpiadanın sonuna kimi idi. Düzdü, Olimpiada bir il sonraya ertələndi. Ancaq məsləhət bildik ki, yeni müqavilə imzalamayaq. Qurban Tağıyev Bahattin hoca getdikdən sonra komandanı müvəqqəti çalışdırırdı. Dünən artıq rəsmi şəkildə onun baş məşqçi işləməsi təsdiqləndi”.
O bildirib ki, əvvəlki köməkçi məşqçilərdə dəyişiklik olmayacaq. Lakin beşqat dünya çempionu Rafael Ağayevin də eyni zamanda məşqçi kimi fəaliyyət göstərəcəyini bildirib:
"Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov köməkçi məşqçi, Denis Morozov qadın millimizin baş məşqçisi, Vahid Eyvazov isə kata yığmamızın çalışdırıcısı kimi fəaliyyət göstərəcək. Həmçinin, Rafael Ağayev də məşqçi kimi kömək edəcək”.
Qeyd edək ki, Bahattin Kandaz 2018-ci ilin dekabrında millimizə baş məşqçi təyin olunub. Yeni baş məşqçi Qurban Tağıyev eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlılarının əməkdaşıdı.
Fanat.Az