Bu gün Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" Belçikanın "Gent" komandasını qəbul edəcək. Oyun günündə Belçika klubları ilə Azərbaycan komandalarının, eləcə də ölkəmizin qitəmiqyaslı turnirlərdə ən uğurlu təmsilçisi olan "köhlən atlar"ın əvvəlki görüşlərini yada salmağı uyğun saydıq.
"Tofiq Bəhramov"da baş tutacaq qarşılaşma komandalarımızın belçikalı rəqibləri ilə 11-ci dueli olacaq. İndiyədək reallaşan 10 görüşün 4-də qələbəyə sevinmişiksə, 5 dəfə məğlubiyyət acısı dadmışıq. Bir görüş isə bərabərliklə yekunlaşıb. İndiyədək yalnız 3 klubumuz, dəqiqləşdirsək, "Qarabağ"dan başqa, "Neftçi" və "Qəbələ"nin də müxtəlif vaxtlarda Avropa səhnəsində belçikalılarla münasibətlərinə aydınlıq gətirib. Topların nisbəti azərbaycanlı futbolsevərlərin üzlərini güldürmür - 9:18.
Ev ənənəsini "Qəbələ" pozub
2005/2006 mövsümündə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə təsadüf edib. Qonaq qismində 5 cavabsız qola üzülən "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesabla qələbə qazanıb - 1:0. Ağasəlim Mircavadovun çalışdırdığı bakılıların yeganə qolunu penaltidən, o vaxt komandaya yeni transfer edilən moldovalı legioner Vadim Borets vurub.
"Xalq komandası" 2008/2009 mövsümündə İntertoto Kubokunda "Jerminal"ı (indiki "Beersxot") iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Səfərdə 1:1 hesablı heç-heçə edən paytaxt təmsilçisi evdə azarkeşlərini sevindirib - 1:0. "Ağ-qaralar" Elnur Allahverdiyevin qolu sayəsində növbəti mərhələyə adlayıb.
"Qarabağ" isə ilk dəfə 2011/2012 mövsümündə Belçika klubu ilə qarşılaşıb. Ağdamlılar Avropa Liqasının III təsnifat mərhələsində səfərdə "Brügge"yə 1:4 hesabı ilə yenilib. Cavab matçında qazanılan 1:0 hesablı zəfər isə müəyyən təsəlli statusu daşıyıb. Həmin görüşdə "köhlən atlar"ın qoluna Bəxtiyar Soltanov imza atıb.
Qurban Qurbanovun komandası 2015/2016 mövsümündə AL-in qrupun "Anderlext"lə qarşılaşıb. "Tofiq Bəhramov"da Riçard Almeydanın qolu ilə 1:0 hesablı qələbə qazanan bölgə təmsilçisi Belçikada uduzub - 1:2.
Təmsilçilərimizin "Qəbələ" 2016/2017 mövsümünədək belçikalılar üzərində evdə qələbə qazanmaq ənənəsini "Qəbələ" pozub. "Qırmızı-qaralar" "Anderlext"lə Avropa Liqasının qrupunda keçirdiyi hər iki oyunda azarkeşlərini 1:3 hesabı ilə üzüb.
4 oyun 4 qələbə
"Gent"lə duelin gerçəkləşəcəyi "Tofiq Bəhramov"u Belçika klubları üçün uğursuz məkan adlandırmağa əsas verir. Yuxarıda qeyd etdiyimiz kimi, evdə bu ölkənin təmsilçilərinə yalnız "Qəbələ" məğlubiyyət acısı yaşada bilməyib. "Qırmızı-qaralar"ın o qarşılaşmaya mərkəzi arenada deyil, "Bakcell Arena"da çıxdığını da vurğulayaq. Qonaqların "Tofiq Bəhramov"da 4 dəfə 0:1 hesablı yenilgi görməsi də özlüyündə maraqlı statistik faktdır.
Qeyd edək ki, "Qarabağ" - "Gent" qarşılaşması saat 21:45-də başlayacaq.
Nihat