"İdman TV"nin direktoru Rövşən Binnətli "Qarabağ" və "Neftçi"nin Konfrans Liqasında sabahkı pley-off oyunlarını şərh edib.
Fanat.Az onun sosial şəbəkə hesabı vasitəsilə paylaşdığı yazını təqdim edir:
"Əziz dostlar, iki klubumuz qitə turnirində pley-off oyunları ərəfəsindədir. Bu da o anlama gəlir ki, yeni UEFA Konfrans Liqasının qrupunda iki təmsilçimiz ola bilər. Klub futbolu tariximizdə belə qürur yaşamışıq: 2015/16 və 2016/17-ci il mövsümündə “Qarabağ” və “Qəbələ” eyni vaxtda UEFA Avropa Liqasının qrupunda çıxış ediblər.
KLUB TURNİRLƏRİNDƏ İLK
“NEFTÇİ”: ölkə çempionumuzun timsalında ilk dəfə bir klubumuz mövsümdə 3 müxtəlif turnirdə mübarizə aparır. Qitə yarışlarına Çempionlar Liqasında başlayan paytaxt futbolçuları orada uğursuzluğa məruz qalandan sonra Avropa Liqasında da irəliləyə bilmədi və indi ümid qalıb yeni turnirə. KL-in pley-off mərhələsində komandamızın rəqibi Hayfa “Makkabi”sidir. İsraildə mövsüm başlanmayıb, start avqustun 28-nə nəzərdə tutulub. Bakılılar kimi, “Makkabi” də ölkə çempionudur və onlar da ÇL-də uğur qazana bilməyiblər – “Kayrat”la (Qazaxıstan) mübarizədə uduzublar (evdə 1:1, səfərdə 0:2). Amma “Neftçi”dən fərqli olaraq, “Makkabi” birbaşa KL-ə yollanıb və əvvəlcə Gürcüstan təmsilçisi Tbilisi “Dinamo”suna (səfərdə 2:1, evdə 5:1), sonra isə Farer adalarının “HB Torshavn” komandasına (evdə 7:2, səfərdə 0:1) qalib gələrək pley-off mərhələsinə yüksəlib.
“Neftçi” indiyədək İsrail klubları ilə 4 dəfə üz-üzə gəlib və qələbəsi yoxdur – 2 bərabərlik, 2 məğlubiyyət, toplar 5-10. Bakılılar 2012/13 mövsümündə ÇL-də “Hapoel” (Kiryat Şmona) ilə bacarmayıb (səfərdə 0:4, evdə 2:2), 2019/20-də isə AL-də “Bney Yehuda”ya uduzub (evdə 2:2, səfərdə 1:2).
KL-də debüt oyunu “Neftçi”nin avrokuboklarda 73-cü matçıdır. Buna qədər keçirilmiş görüşlərdə 23 qalibiyyət, 18 heç-heçə, 31 məğlubiyyət qeydə alınıb. Komandamız vurdğu 81 qolun müqabilində qapısından 108 qol buraxıb.
ŞOTLANDLARLA İKİNCİ MÜCADİLƏ
“QARABAĞ”: ardıcıl 7 mövsümdür qrup mərhələsinə düşməklə ölkə rekordu müəyyənləşdirən Ağdam klubu nəticəni bir qədər də yaxşılaşdırmaq niyyətindədir. Bunun üçün Şotlandiyanın “Aberdin” futbolçularına qalib gəlmək lazımdır. Ötən mövsümü çempiondan (“Reyncers”) 46 xal (!) geri qalmaqla 4-cü bitirən rəqib builki mübürizəyə ardıcıl 2 qalibiyyətlə başlayıb və yarış cədvəlində lider mövqedədir. Amma Azərbaycana səfər ərəfəsndə komandanın Şotlandiya Liqa Kubokunda aşağı divizion təmsilçisinə uduzması azarkeşləri ciddi narahat edib. KL-in startında “Aberdin” İsveçin “Hekken” komandasını (evdə 5:1, səfərdə 0:2), ardınca isə İslandiya təmsilçisi “Breydablik”i (səfərdə 3:2, evdə 2:1) mübarizədən kənarlaşdırmaqla bu mərhələyə yüksəlib.
Klublarımız ikinci dəfədir şotlandlarla qarşılaşır və onlarla üz-üzə gələn yenə Ağdam təmsilçisidir: 2015/16 mövsümündə ÇL-də “Seltik”lə görüşlərdə səfərdə məğlubiyyətdən qaçmaq (0:1), evdə isə rəqibin müqavimətini qırmaq (0:0) mümkün olmayıb. Bakıdakı oyun zamanı Tofiq Bəhramov adına respublika stadionunun vəziyyətinin acınacaqlı olmasını da xatırladaq. O vaxt hətta meydanın yaşıl görünməsi məqsədilə ot örtüyü süni rənglə boyanmışdı. Qəribə və təəssüfləndirici hal isə odur ki, Şotlandiyanın digər klubu “Aberdin”lə görüş ərəfəsində də gözəl arenamızda oxşar mənzərənin şahidiyik.
“Qarabağ” KL-də uduzmadan çıxış edir – 2 qələbə, 2 bərabərlik. Avrokuboklarda ümumi oyunların rəqmli yekunu isə belədir: 132 görüş, 46 qalibiyyət, 35 heç-heçə, 51 məğlubiyyət, topların nisbəti 134-165".