İsrailin "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Barak Baxar Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, Bakıda jurnalistlərin önünə çıxan mütəxəssis onları çətin oyunun gözlədiyini bildirib.
"Fikrimcə, bizi çox çətin oyun gözləyir. Bu, pley-off mərhələsidir. Burada adi oyun olmur. Evdə çox yaxşı mübarizə aparan komandaya qarşı oynayacağıq. Ona görə də işimiz asan olmayacaq", deyə baş məşqçi qeyd edib.
Barak Baxar "Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına qarşı matçlarını izlədiklərini bildirib: “Neftçi”nin oyununa baxmışıq. "Dinamo" ilə oyunda onlar cütün favoriti idilər və mərhələ keçməyə layiq idilər. Həmin nəticə bizim üçün sürpriz olmadı. Onunda nəzərə alaq ki, həmin matçlar “Neftçi” üçün ilk oyunlar idi. İndi “Neftçi” daha güclüdü. Həmin oyunlarda “Dinamo”nu layiqincə üstələyib".
42 yaşlı mütəxəssis Namik Ələskərovun gedişinin onlar üçün üstünlük olmadığını bildirb: "Neftçi”nin güclü heyəti var. Biz tək bir futbolçuya qarşı yox, bütün komandaya qarşı hazırlaşırıq".
Baş məşqçi oyuna hazır olduqlarını deyib: "Sabahkı oyuna tam hazırıq. “Neftçi”nin heyətində bir neçə yaxşı, istedadlı oyunçuları var. Bu da rəqibi güclü komanda kimi formalaşdırır".
Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq.