UEFA Konfrans Liqasının qrup mərhəlisinin II turunda "Qarabağ"la qarşılaşacaq "Omoniya"nın baş məşqçisi Henninq Berq oyundan öncə keçirilən mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis matçın çətin keçəcəyini bildirib:
"Qarşılaşmanın çətin keçəcəyini bilirik. Qalib gəlməyə çalışacağıq. Bilirik ki, bunu etsək, qrupdan çıxmaq şansımız olacaq. Evdə qalib gəlmək əla olardı. Harada mübarizə aparmağımızdan asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. "Qarabağ" təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıb, qrupdakı ilk matçında isə "Bazel"lə heç-heçə edib. Güclü komandaya qarşı çətin oyuna hazırlaşırıq"
Berq qrupun favoriti olaraq "Bazel"i gördüyünü bildirib: "Bizə görə, "Bazel" qrupun favoritidir. Onlara qarşı güclü müqavimət göstərmək üçün buradayıq".
Xatırladaq ki, sabah Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.