“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Omoniya” ciddi itki ilə üzləşib.
Fanat.Az Kipr mətbuatına istinadən xəbər verir ki, nikosiyalıların əsas qapıçısı Fabiano Bakıya gələ bilməyəcək.
“Bazel”lə oyunda zədələnən braziliyalı qolkiper tibbi müayinədən keçib və məlum olub ki, braziliyalı qolkiperin durumu ciddidir. Ada təmsilçisinin uzun müddət Fabianonun xidmətindən yararlana bilməyəcəyi açıqlanıb.
33 yaşlı qapıçı “Omoniya”nın qarşıdakı 8 matçını, o cümlədən "Qarabağ"la oyunu buraxacaq. Başqa sözlə, sabiq “Fənərbaxça”lı üçün 2021-ci il başa çatıb.
Qeyd edək ki, “Qarabağ” – “Omoniya” oyunu noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Mirağa