Konfrans Liqasında pley-offa yüksəldiyi ötən turdan bilinən "Qarabağ" "Omoniya" ilə oyuna daha motivasiyalı və rahat çıxa bilərdi. Ancaq qrupun digər görüşündə "Kayrat"ın evdə "Bazel"ə uduzması reallığı nisbətən dəyişmişdi. İstənilən halda, qrup birinciliyi sonuncu turda İsveçrədə təmin olunacaq. Buna baxmayaraq, görüşə maraq yetərincə idi.
* Oyunun gec saatda başlamasına baxmayaraq, azarkeşlər Tofiq Bəhramov adına stadionu demək olar, doldurmuşdu. Düzdür, hakimin start fiti səslənəndə tribunalarda xeyli boş yer var idi. Ancaq təhlükəsizlik məqsədi ilə stadionun önündə aparılan yoxlamalar səbəbilə yubananlar tədricən yerlərini aldı. Beləliklə, oyuna təxminən 29000 azarkeş gəlmişdi.
* İsinmə hərəkətləri zamanı hər iki baş məşqçinin bir-birindən 5-6 metr aralıda dayanıb öz yetirmələrini deyil, rəqib oyunçuları diqqətlə izləməsi gözümüzdən yayınmadı.
* "Qarabağ Ordu" oyuna möhtəşəm pankart hazırlamışdı. Komandalar meydana çıxan kimi onu nümayiş etdirdilər. Nəhəng pankartda Ağdamdakı İmarət stadionu və Gövhər Ağa məscidi əks olunmuş, onun fonunda ingiliscə "Evdə görüşənədək! Sizin boş xəyallarınız bizim öz reallıqlarımızdır" sözləri yazılmışdı.
* 31-ci dəqiqədə meydanda futbolçular arasında gərginlik yaşandı. İkili mübarizə zamanı rəqib Andronikos Kakoulli Abbas Hüseynovu keçmək istəyərkən əli onun sifətinə dəydi. Kadi rəqibin Abbası bilərəkdən vurduğunu düşünüb onun üstünə şığıdı və belədə futbolçular arasında insident qeydə alındı. Hakim bu epizoda görə 3 futbolçunu sarı vərəqə ilə cəzalandırdı.
* Oyunun gedişində "Qarabağ"ın tərcüməçisi Aydın Bağırov məşqçilər korpusuna yaxınlaşıb telefonunu uzatdı. Qurban Qurbanov və köməkçiləri böyük ehtimalla, ikinci hissədə Filip Ozobiçin vurduğu sayılmayan qol epizodunu izlədilər. Onların jestlərindən belə anlaşılırdı ki, hakimin qərarı ilə razı deyillər.
* Buraxılan ikinci qolda kobud səhvə yol verən və komandasını qələbədən məhrum edən Şahruddin Məhəmmədəliyevə oyunun gedişində yalnız Kevin Medina təsəlli verdi. Ancaq matç başa çatdıqdan sonra digər komanda yoldaşları da ona yaxınlaşıb dəstək nümayiş etdirdilər.
Mirağa