“Rəqibin bizimlə bərabər gücdə olduğunu artıq ilk oyunda görə bilərdiniz. Buna baxmayaraq, qrupun digər oyunlarında olduğu kimi, bu matçda da qalib gəlmək üçün iddialıyıq. Amma “Qarabağ” taktiki cəhətdən yaxşıdır. Oyunda yüksək sürətə malikdir. Eləcə də meydançada yaxşı yerləşməsi ilə diqqət çəkir. Buna görə də bizə çətin olacaq".
Fanat.Az xəbər verir ki, İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan öncə mətbuat konfransında belə deyib.
”Bazel"in baş məşqçisinin sözlərinə görə, bu oyunda onlar üçün taktikanın önəmi olmayacaq: "Hər iki komandanın eyni xalı var və qrup qalibinin kim olacağı bu oyunda müəyyənləşəcək. Beləliklə, finaldan danışmaq olar. Azarkeşlər yüksək səviyyədə dəstəkləsələr, bu, əlbəttə ki, bizə də kömək edəcək".
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola bilər.