Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.
Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu İsnik Alimi hazırlıq prosesi barədə fikirlərini klub saytına bölüşüb:
“Təlim-məşq toplanışının Qəbələdəki birinci hissəsi çox yaxşı keçdi. Biz hazırda çalışmalarımızı davam etdiririk. Hər kəs işin ciddiyyətini çox gözəl qavrayır, düzgün yanaşma və konsentrasiya ilə qarşıdakı matça hazırlaşır. Hamımız Konfrans Liqasında keçirəcəyimiz oyuna hazır olmaq üçün çalışırıq. Mövsümün ilk qarşılaşmasına neçə faiz hazır olduğumuzu demək çətindir”.
Alimi yeni transferlər və komandada formalaşan ab-hava barədə də danışıb:
“Komandaya yeni futbolçular qoşulub. Onların çox kömək edəcəyini düşünürəm. Görünən odur ki, yeni oyunçular uyğunlaşmada hər hansı problem yaşamırlar. Biz də komandanın təcrübəliləri kimi onlara yardımçı olmağa çalışırıq. Yeni transferlərin işə yanaşması, motivasiyası, konsentrasiyası ilə komandaya böyük qatqısı olacaq. Heyətə yeni qoşulan futbolçular “Qəbələ”dəki xoş, ailə, dostluq atmosferini hiss edirlər. Belə ab-hava onların xoşuna gəlir. Özüm də komandaya gəldiyim gündən xoş mühiti, dostluğu, bir-birinə yardım etməyi görmüşəm. Yeni gələnlər də bunu hiss edir. Biz də onlara yardımçı oluruq. Düşünürəm ki, növbəti mövsüm həm göstərdiyimiz futbolla, həm də dostluq mühitində yaratdığımız bu güclü kollektivlə daha yaxşı nəticələr qazanacağıq”.