"Lex Poznan" "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola çıxıb.
Fanat.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi təxminən bir saat əvvəl çarter reysi ilə "Poznan Lavitsa" hava limanından ölkəmizə istiqamət alıb.
Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Polşalılar bunu rahat və qısa yol səfər adlandırır. Baxmayaraq ki, hərbi əməliyyatlara Ukraynanın üzərindən reys qadağan olunduğundan əlavə bir neçə kilometr yol qət etmək lazım gəlib. 4,5 saatlıq uçuş klub rekordu deyil. Belə ki, "Lex" 2012-ci ildə Qazaxıstana altı saata yaxın uçub.
Rəqib komandanın saat 14:30-da Bakıda yerləşməsi nəzərdə tutulub. Qonaqlar saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionu ilə tanış olacaq. Qeyd olunan vaxtda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.
Görüşdən dərhal sonra, yəni çərşənbə axşamından çərşənbə gününə keçən gecə komanda Polşaya dönəcək.
"Lex" Bakıya öz aşpazını da gətirir. Səfər matçlarında yeməklərin hazırlanmasına cavabdeh olacaq "Lex"in baş aşpazı Artur Dzierbiçki şənbə günündən etibarən komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.
Mirağa