"Qarabağ" - "Lex" oyununu işıqlandırmaq üçün Bakıya bir neçə qonaq idman jurnalisti də təşrif buyurub.
Fanat.Az polşalı həmkarlarımızdan Matsey Hentselin Bakı təəssüratlarını təqdim edir:
"Saat 18:40-da baş məşqçi Con van den Brom mətbuat konfransında heyətlə bağlı vəziyyət, “Qarabağ”la duellər və komandanın sabahkı oyuna münasibəti ilə bağlı sualları cavablandırdı. Saat 19:00-da isə komanda Tofiq Bəhramov adına stadionda ilk on beş dəqiqəsi media nümayəndələri üçün açıq olan bir saatlıq məşq etdi.
Tribunalardan birinin arxasından günəş görünsə də, bütün ot örtüyü kölgədə idi. Bu, sabahkı görüşdən əvvəl vacib məqamdır. Xüsusilə də nəzərə alsaq ki, məşqlə müqayisədə oyun bir saat gec başlayacaq. Odur ki, istidən çəkinməyə dəyməz. Düzdür, hava bürkülü idi, ancaq məşqin gedişində temperatur tədricən aşağı düşdü.
Qeyd edək ki, Polşa Superkuboku oyununda yüngül zədələrlə üzləşən Adriel Ba Loua, Afonso Sousa və Dani Ramires komanda ilə Bakıya gəlməyib. Bakıdakı məşqdə on səkkiz meydan oyunçusu və üç qapıçı - Artur Rudko, Filip Bednarek və Kşiştof Bakovski iştirak etdi.
Tofiq Bəhramov adına stadion "Lex"in son səfərindən sonra çox dəyişib. İndi paltardəyişmə otaqlarının üstündə media və VİP olan tribuna var. Bütün tribunaların üzəri damla örtülüb. Təşkilatçılar 15-20 min insan gözləyirlər. Son məlumata görə 13 min bilet satılıb.
Bakı haqqında maraqlı fakt ondan ibarətdir ki, bu, dünyanın dəniz səviyyəsindən aşağı olan paytaxtıdır. Bu şəhər dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Hələ yüz il əvvəl Azərbaycanın indiki paytaxtı xəritədə mühüm mərkəz deyildi. Ancaq təbii qaz və xam neftin kəşfindən sonra bu reallıq dəyişdi. Neft iqtisadi inkişafa səbəb oldu və hazırda şəhərdə 2 milyondan çox insan yaşayır ki, bu da bütün Azərbaycan əhalisinin təxminən 1/5 hissəsini təşkil edir.
Şübhəsiz ki, ölkənin xammal ticarətindən əldə etdiyi pul ona infrastruktura sərmayə qoymağa imkan verir. Beləliklə, Bakıya hər növbəti səfərinizdə bu şəhərin necə dəyişdiyinə heyran ola bilərsiniz. Yalnız bir şey dəyişməyib - Xəzər dənizindən gələn xam neftin hər yerdə hiss olunan qoxusu.
İdmanda da investisiyalar görünür. Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına stadion artıq şəhərin ən böyük stadionu deyil. “Çelsi” və “Arsenal” arasında Avropa Liqasının finalına ev sahibliyi edən və bir il əvvəl baş tutan AÇ-2020 oyunlarının keçirildiyi daha müasir obyekt - Bakı Olimpiya Stadionu inşa edilib. Bundan başqa, Bakının ən qədim tarixi hissəsindən keçən küçədə müntəzəm "Formula 1" yarışları keçirilir".
Qeyd edək ki, bu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. İlk matçda Polşa təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Mirağa