"Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Fehervar" komandasına 1:4 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məğlubiyyəti şərh edib.
"İki fərqli hissə izlədik. Birinci yarıda daha çox istədiyimizi meydanda görə bildik. Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq".
Baş məşqçinin sözlərinə görə, macarıstanlı azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir: "Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. İlkinin hazırkı durumu normaldır. Ümid edirik ki, ciddi heç nə olmayacaq".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.