UEFA Konfrans Liqasında çıxış edən təmsilçilərimiz - "Neftçi", "Zirə" və "Qəbələ" ilk oyunda rəqiblərinə məğlub olublar.
"Neftçi"nin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında Azərbaycan komandalarının cavab oyunundakı şaslarını dəyərləndirib.
49 yaşlı mütəxəssi əvvəlcə səfərdə Kiprin "Aris" klubuna 0:2 hesabı ilə məğlub olan "Neftçi" barədə danışıb:
"Neftçi"dən danışırıqsa, deyim ki, geridönüşə şans var. Baxmayaraq ki, ilk oyunda azarkeşlərini məyus etdilər, ümid hələ də var. İlk oyunda daha çox vuruşmaq və xarakter göstərmək lazım idi. Baş məşqçinin üzərinə hazırda böyük məsuliyyət düşür. Onun 0:2-dən sonra futbolçularını psixoloji olaraq bu oyuna necə kökləməsi vacib amildir. Futbolçuların bunu nə dərəcədə başa düşəcəyi də ümumi nəticə baxımından əhəmiyyətlidir. Ümumi götürsək, həqiqətən də çətin bir durumdur. Maksimum çox qol vurmaq və qapını toxunulmaz saxlamaq lazım gələcək. Bu da sözsüz, çətin bir sınaqdır. Əlbəttə, futbolda hər şey olur. Ancaq dəqiq olan budur ki, çətin olacaq".
Kərimov UEFA KL-də mübarizə aparan digər komandalarımızla - "Zirə" və "Qəbələ" ilə bağlı vəziyyətə də münasibət bildirib:
"Zirə" və "Qəbələ"nin işlərinin çətin olacağı öncədən bəlli idi. "Zirə"nin rəqibi özü ilə müqayisədə həddindən artıq güclü komandadır. Təmsilçimiz istəkli görünürdü, amma buraxılan hər üç qol sadə epizodlardan vuruldu. "Zirə"nin hücum etdiyinin də şahidi olduq. Məhz elə burada ustalıq səviyyəsi meydana çıxır. Yaradılan qol imkanlarını reallaşdıra bilmədilər. Rəqib isə əksinə, cüzi qol imkanlarından maksimum yararlandı. İlk matçdan sonra "Zirə"nin işinin çətin olacağı aşkardır. Səfər oyununda rəqibin azarkeşlərinin dəstəyini də nəzərə alsaq, 0:3-dən geridönuş etmək real görünmür. Biz onsuz da "Zirə"nin KL-in qrup mərhələsinə düşəcəyini gözləmirdik. Bu, onlar üçün əla bir təcrübə oldu.
"Qəbələ"yə gəlincə, püşkün nəticəsi bəlli olandan sonra onların Macarıstan klubunu keçmək şanslarını 30-un 70-ə dəyərləndirirdim. İlk hissədən sonra bir az ümidləndik, ancaq yenə də təcrübə çatmadı. "Fehervar"ın bu turnirə bizdən daha çox hazır olduğunu müşahidə etdik. Elə "Zirə" kimi, "Qəbələ"nin də nəyisə dəyişə biləcəyi inandırıcı deyil".
Xatırladaq ki, hər üç komandanın cavab oyunu iyunun 28-də keçiriləcək.
Emin Şəmsiyev