"Rapid"in baş məşqçisi Ferdinand Feldhofer "Neftçi"yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı çalışdırıcı belə danışıb:
"Evdə oynayırıq. Bu, bizə əlavə ruh verir. Maraqlı qarşılaşma olacaq. Rəqibin futbolçuları fərdi olaraq güclüdür. Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik. Böyük güc sərf etməliyik. Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol epizodlarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq.
Hücum futboluna üstünlük verəcəyik. Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Meydan amilindən istifadə etməliyik. Ən azı bir qol vurmalıyıq ki, növbəti mərhələ üçün şansımız olsun. Bütün gücümüzü toplayıb daha yaxşı nəticə əldə etməliyik. Rəqibin gücü bəllidir. "Neftçi"nin özünəməxsus oyun tərzi var".
O, Bakıdakı görüşdəki buraxdıqları səhvlərdən təkrarlamaq istəmədiklərini vurğulayıb: "Topu özümüzdə saxlayıb rəqibin uzun reydlərinin qarşısını almalıyıq. Birinci oyundakı səhvlərimizi müzakirə etmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək".
Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.