Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə "CBC Sport"a danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis komandasından razı qaldığını bildirib: "Düşünürəm ki, Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq çox vacib idi. İnamlı oynayıb, Bakıya yaxşı nəticə ilə qayıtdıq".
66 yaşlı baş məşqçi "Dalğa Arena"da Qazaxıstanla oynayacaqları qrupun son matçına da toxunub: "Qarşıdakı oyun üçün ilk növbədə bərpa olunmalıyıq. Bundan sonra kimlərin oynayacağına qərar verəcəyik".
Qeyd edək ki, sentyabrın 25-də keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.