Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
Məlum olduğu üzrə, qadın futbolçularımızın bir çoxu qardaş ölkənin klublarında legioner həyatı yaşayırlar.
Futbolçularımızın durumlarının necə olduğunu dəqiqləşdirmək üçün qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərovla əlaqə saxladıq.
Mütəxəssis Fanat.Az-a açıqlamasında bunları bildirdi: "Bəli, hadisə zonasında olan qızlarımız var. Şükürlər olsun ki, hamısı yaxşıdır.
Ölkədə bütün idman yarışlarını dayandırıblar. Yəqin ki, futbol federasiya da liqalarla bağlı bu gün açıqlama verər. Son durum belədir".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Röya