Qadınlardan ibarət millimizin futbolçusu Alina Nəhmədova zəlzələ fəlakəti yaşanmış Qaziantep şəhərinin "Asya" klubunda çıxış edir.
Fanat.Az olaraq futbolçu əlaqə saxlayıb vəziyyətinin necə olduğunu maraqlandıq.
- Alina, məskunlaşdığın yer komandanın bazasıdır, yoxsa legioner oyunçular üçün ayrılan evdə qalırdın?
- Bəli, klubun bazasında qalırdım. 3 mərtəbəli binadır. Amma sadəcə legionerlər deyil, bütün komanda ilə burada qalırdıq.
- Hadisə gününü necə xatırlayırsan?
- Gecə saat 4-də yuxudan oyandım. Zəlzələyə görə otağın içi dağılırdı. Əvvəlcə inana bilmədim. Elə bildim hələ də yuxudayam. Yorğanla gözlərimi örtdüm. Amma keçmədi. Yerimdən qalxmaq istədim, lakin qalxa bilmədim. Hər yer silkələnirdi. Gücümü toplayım yataqdan durdum. Telefonu götürüb qapıya çıxdım. Zəlzələdən bir gün öncə zədə almışdım. Məşqdə çarpaz bağlarım qopmuşdu. Buna görə güclə otaqdan qapıya çıxdım. Ordan qızlar məni bellərində çölə çıxartdılar. Onlar olmasaydı, başıma daha pis hadisə gələrdi.
- Xəsarət almamısan?
- Xeyr. Çox şükür heç kimə heçnə olmadı.
- Hazırda Türkiyədə idman yarışlarına fasilə verilib. Sənə Azərbaycana qayıt deyilib yoxsa klub hələ qərar verməyib?
- Hamı deyir Azərbaycana gəlin. Amma elə də asan deyil. Avtobus ilə necə saat yol getmək çox çətindir. Çünki yollar pis vəziyyətdədir. 20 saatlıq yol 2 günə keçir. Yollar hamısı dağılıb, həm də buz bağlayıb. Çox qorxuludur. Zəlzələ də hələ dayanmayıb. 5 dəqiqədən bir az da təkanlar hiss olunur. Əsasən da gecələr olur.
- Zəlzələ olan bölgələrdə başqa azərbaycanlı futbolçular varmı? Əlaqəniz yaratmısınız bir-birinizlə, onlar necədir?
- "WhatsApp"da "Milli" qrupumuz var. Orada hamı vəziyyətini yazır. Şükürlər olsun ki, hamısı yaxşıdır. Bəziləri Azərbaycana geri qayıdib, bəziləri isə hələ buradadır.
Röya Kərimli