Azərbaycan millisi oktyabrın 11-də və 14-də Millətlər Liqası çərçivəsində növbəti oyunlarını keçirəcək. Fernandu Santuşun rəhbərliyi altında ilk iki sınağında məğlub olan yığmanın Estoniya və Slovakiya ilə görüşlərdə futbolsevərləri sevindirmək şansı realdırmı? Suala cavab tapmaq üçün millinin sabiq məşqçisi, tanınmış futbol mütəxəssisi Arif Əsədovla əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Estoniya və Slovakiya ilə oyunlar barədə pozitiv düşünürəm. Fikirləşirəm ki, komandamız iki oyunda 4 xal götürməyə qadirdir. Xüsusilə də Estoniyadan 3 xalla dönmək şansı realdır. Çünki keçən tsikldə də onlarla görüşmüşdük və qalib gəlmişdik. Yəni Estoniya səfərində qalib gəlmək baxımından komandada özünəinam var.
Evdə Slovakiya ilə çətin olacaq. Çünki bu rəqibin qrupda İsveçlə amansız mübarizəsi gedir. Slovaklar Bakıdan maksimum nəticə ilə dönməyə çalışacaqlar. Amma görüşdən 1 xalla ayrıla bilərik.
Millinin heyətində az da olsa, dəyişiklik var. Əslində, bəlli seçim var, aşağı-yuxarı eyni futbolçular arasından heyət formalaşdırılır. Bununla belə, budəfəki heyətdə yeni oyunçular var. Zamiq Əliyev, Aydın Bayramov, Vadim Abdullayev toplanışa yeni cəlb olunan oyunçulardır. Bundan başqa, Mahir Emrelinin sıraya dönməsi, Anton Krivotsyukun zədədən qayıdaraq bərpa olması müsbət məqamdır. Əvəzində problemlər də var. Zədəlilərimiz var, xüsusilə də Bəhlul Mustafazadənin yoxluğu müdafiədə problem yarada bilər. Elvin Camalov da həmçinin. Bundan başqa, Emin Mahmudov son vaxtlar lazımi oyun praktikasından məhrumdur.
Vacibdir ki, komandanın motivasiyası olsun. Vaxt azdır, amma komandamız meydana nəticə qazanacaqlarına inanaraq çıxmalıdır".
Mirağa