UEFA Litva və Latviyanın ev sahibliyi edəcəyi futzal üzrə Avropa çempionatını təxirə salmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sputnik Litva" yayıb.
Səbəb təşkilatçı ölkələrin Belarus yığmasını öz arenalarında qəbul etmək istəməməsidir. Bu üzdən qitə qurumu yarışın təxirə salınması variantını müzakirə edir.
Litva Futbol Federasiyasının prezidenti Edqars Stankeviçius məlumatı təsdiqləyib: "UEFA problemin həlli üçün müxtəlif variantları nəzərdən keçirir, lakin turnirin təxirə salınmasını istisna etmir. Bu variant, şübhəsiz ki, qalır. Əlbəttə, bu, sonuncu variantdır, lakin realdır".
Belə olan halda Qazaxıstanın Avropa çempionatına ev sahibliyi etməyə hazır olduğu bildirilir.
Belaruslular seçmə mərhələni birinci yerdə başa vuraraq AÇ-nin final raunduna vəsiqə qazanıblar.
Turnirin 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Riqa və Kaunasda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Rusiya yığması beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.