"Bilirdik ki, bizi çətin oyun gözləyir”. Fanat.Az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva deyib.
Sloveniyada təşkil edilən Avropa çempionatında dünən İspaniyaya 0:1 hesabı ilə məğlub olan komandamız qrupu ikinci pillədə başa vurub.
Matçı dəyərləndirən da Silva qol şanslarını qaçırdıqlarını bildirib: "İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik”.
Millimiz 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Braziliyalı mütəxəssis rəqibin lideri Rikardinyonu xüsusi vurğulayıb: "Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandı. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son görüşdə bizə kömək edəcəklər”.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu sabah keçiriləcək.
Fanat.Az