"Çətin matç oldu. Açıq oyun gedirdi. Bir az ehtiyatlı da davranırdıq. Hamı kompakt oynamağa çalışırdı. Hiss olunurdu ki, Kosovo əks-hücumlara bel bağlayacaq. Birinci oyun olduğunu nəzərə alsaq, pis keçmədi. Çalışacağıq ki, gələcək matçlarda oyunumuzun keyfiyyətini daha da artıraq".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra deyib.
Futbolçu start heyətində yer alacağını gözləyib-gözləməməsi ilə bağlı suala belə cavab verib: "Qərarı baş məşqçi verir. Bu bizdən asılı olan bir şey deyil. Bizim işimiz var gücümüzlə məşq etməkdi. Məşqlərimizi edirik və Qurban müəllim kimə şans verirsə, o da çıxıb meydanda hər şeyini ortaya qoymalıdı".
Mahir azarkeşlərin oyuna maraq göstərməməsindən də danışıb: "Azarkeş azlığı məni təəccübləndirdi. Daha çox azarkeş gözləyirdim. Bu milli komandadı. Azərbaycan üçün oynayırıq. Ölkə üçün vacib turnirdi. Bu turniri keçsək, Avropa çempionatında oynamaq şansımız var. İnsan dəstək görməyəndə üzülür. Azarkeşlər deyir ki, "niyə oynamırlar?”, bəs onlar niyə gəlmirlər?"
Fanat.Az