Bu gün "AVRO-2020"nin seçmə mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi ilə oyununu səfərdə Xorvatiyaya qarşı keçirib. Bakı vaxtı ilə saat 23.45-də başlayan qarşılaşmanı bolqarıstanlı Georgi Kabakov idarə edib.
Görüşdə hesabı milli açsa da, fasiləyə qədər qapısını toxunulmaz saxlamağı bacarmayıb. İkinci yarıda təmsilçimizin "qapısında bitən" meydan sahibləri sona yaxın istəyinə çatıb. Beləliklə, Nikola Yurçeviçin rəhbərliyi altında ilk rəsmi görüşünə çıxan yığmamız darmadağın olmadan evə dönüb - 1:2.
Bu Xorvatiya və Azərbaycan milliləri arasında 3-cü oyun olub. Komandalar daha əvvəl "AVRO-2016"nın seçmə mərhələsi çərçivəsində üz-üzə gəlib. 2014-cü ilin oktyabrın 13-də Berti Foqtsun başçılıq etdiyi millimiz səfərdə 0:6 hesabı ilə yenilib. Həmin matçdan sonra Berti Foqts istefaya göndərilib.
2015-ci ilin 3 sentyabrında isə komandalar "Bakcell Arena"da qarşılaşıb. Xorvat mütəxəssis Robert Prosineçkinin başçılıq etdiyi komandamız rəqibindən xal ala bilib - 0:0.
Qeyd edək ki, millimizin yer aldığı E qrupunda daha bir qarşılaşma baş tutub. Slovakiya və Macarıstan qarşılaşıb. Oyun slovakların minimal hesablı zəfəri ilə yekunlaşıb. Uels isə ilk turda istirahət edib.
AVRO-2020
Seçmə mərhələ
E qrupu
21 mart
Xorvatiya - Azərbaycan 2:1
Qollar: Borna Barişiç, 44; Andrey Kramariç, 79 - Ramil Şeydayev, 19
Xorvatiya: Lovre Kaliniç, Yosip Brekalo, Bruno Petkoviç, Domaqoy Vida, Borna Barişiç, Duye Çaleta-Tsar, Luka Modriç (k), İvan Rakitiç, Mateo Kovaçiç, Andrey Kramariç, İvan Perişiç.
Ehtiyat oyunçular: Dominik Livakoviç, Simon Sluqa, Karlo Bartoleç, Marselo Brozoviç, Nikola Vlaşiç, Filip Bradariç, Mario Paşaliç, Antonio Miliç, Marko Roq, Ante Rebiç, Milan Badeli, Marin Leovaç.
Baş məşqçi: Zlatko Daliç.
Azərbaycan: Səlahət Ağayev, Şəhriyar Rəhimov, Bədavi Hüseynov, Rahil Məmmədov, Maksim Medvedev (k), Eddi İsrafilov, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Mahir Mədətov, Ramil Şeydayev
Ehtiyat oyunçular: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Araz Abdullayev, Emin Mahmudov, Namiq Ələskərov, Ömər Buludov, Anton Krivotsyuk, Əli Babayev, Təmkin Xəlilzadə, Mirabdulla Abbasov, Rüfət Dadaşov.
Baş məşqçi: Nikola Yurçeviç.
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (Bolqarıstan).
Zaqreb. "Maksimir” stadionu.
Fanat.Az