Tanınmış idman jurnalisti Anar Şabanoğlu maraqlı mövzuya toxunub.
Fanat.Az xəbər verir ki, o, şəxsi "Facebook" səhifəsində millimizə dəvət "saxta" azərbaycanlılarla bağlı status paylaşıb.
Həmin statusu olduğu kimi təqdim edirik:
"AFFA-nın uzaqgörən siyasətinin bəhrəsini görməkdəyik. Azərbaycan millisinə dəvət almış yüzlərlə dağıstanlıdan biri - Maqomed Musalov Ermənistanın "Pünik" klubu ilə birillik müqavilə bağlayıb.
Rusiya, Ermənistan və digər ölkələrin mediası bu transferi "Azərbaycanlı futbolçu Ermənistan klubunda" başlığı elə təqdim edir.
Qeyd edim ki, bundan əvvəl AFFA-nın uzaqgörən siyasətinin nəticəsi olaraq daha bir milliləşdirilmiş dağıstanlı Şamil Qurbanov Ermənistanın "Uliss" klubuna yollanmışdı. "Azərbaycan yığmasını çoxdan unutmuşam. Və qərara gəlmişəm ki, bir daha ora gəlməyim. Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam" - deyən Şamilin Azərbaycan məcarasını bilən ermənilər "Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz" açıqlaması verib dağıstanlı legionerdən imtina etmişdi.
Sonda qeyd edim ki, sentyabrın 5-i Lüksemburqla keçiriləcək oyuna hazırlaşan əsas milli komandamızın heyətində 3 dağıstanlı milliləşdirilmiş futbolçu var. Bunlar Mehdi Janetov, Şaxrudin Maqomedaliyev və Badavi Quseynovdu.
Milli komandamızda legioner sayı bununla bitmir. Lüksemburq və Kiprlə oyuna dəvət alan digər legionerlərdən yalnız ukraynalı Anton Krivotsyuk millinin düşərgəsindədi. Buna da səbəb dağıstanlılar kimi onun da Bakıda çıxış etməsidi. Digər legionerlər isə pandemiyanı bəhanə gətirərək komandaya qoşulmaqdan imtina edib. Bu mənada Dmitri Nazarovun açıqlaması daha diqqətçəkəndi. O alman mediasına açıqlamasında aşağı liqada çıxış edən klubunun hansısa kubok oyununun millimizdən daha vacib olduğunu bildirib".
Fanat.Az