Serbiyalı mütəxəssis Bora Milutinoviç DÇ-2022-nin seçmə mərhələsinin A qrupunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, məşqçi A qrupunda mübarizə aparacaq Serbiyanın Portuqaliya ilə birlikdə favorit olduğunu bildirib:
"Bu iki yığma qrupda ən yüksək keyfiyyətə malik kollektivlərdi. İrlandiya bir qədər aşağı səviyyəlidi. Azərbaycan və Lüksemburq yığmalarında isə keyfiyyət elə də çox deyil. Hətta biz Qətərlə yoldaşlıq matçları da keçirəcəyik. Belə bir qrupun bütün komandalar üçün çətin olacağını düşünürəm. Əla oyunçularımız var. Fikrimcə, seçmə mərhələdə ən vacib şey həvəs və ehtirasdı. Oyunçular başa düşməlidilər ki, bəlkə də bu, onların bir çoxu üçün dünya çempionatında iştirak etmək baxımından son şansdı".
Azərbaycan millisi Serbiyaya qarşı ilk matçını martın 30-da Bakıda oynayacaq. İkinci qarşılaşma isə oktyabrın 12-də səfərdə olacaq.
Qeyd edək ki, Bora Milutinoviç karyerası ərzində Meksika, Nigeriya, Çin, Kosta-Rika, ABŞ və Yamayka millilərini çalışdırıb, son olaraq İraq yığmasına başçılıq edib.