Polşada legioner həyatı yaşayan Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk bu gün çempionat oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, ilk 2 turda eyni hesabla (0:1) məğlub olan və turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanan, Ekstraklassada qol sevinci yaşamayan yeganə komanda olan Plotsk "Visla”sı "Radomiak”la üz-üzə gələcək. Müdafiəçimizin komandasının meydan sahibi olduğu görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Krivotsyuk üçün matç həm də ona görə önəmlidir ki, bu görüşü sentyabrın ilk həftəsində DÇ-2022-nin seçmə oyunlarına çıxacaq millimizin baş məşqçisi Canni De Byazi stadiondan izləyəcək.
Xatırladaq ki, Mahir Emrelinin çıxış etdiyi "Legiya”nın çempionat oyunu ləğv olunsa da, Varşava təmsilçisi sabah UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək. Canni De Byazi Emrelinin də oyununu canlı izləyəcək.