Türkiyənin I Liqa klubu “Bursaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Namik Ələsgərov yerli mətbuatda tənqid olunmağa başlayıb.
Fanat.Az xəbər verir ki, bir aydan çoxdur fərqlənə bilməyən 27 yaşlı hücumçu qınaq hədəfinə çevrilib.
“Olay” qəzetində “Nə oldu sənə Ələskərov?” sərlövhəli yazıda Namikin formadan düşdüyü iddia olunur: “Bu mövsümün əvvəlində "Bursaspor"un heyətinə qatılan Azərbaycan türkü olan cinah futbolçusu Namik Ələsgərov xüsusilə son həftələr aşağı forması ilə diqqət çəkir. Mövsümün əvvəlində Çempionlar Liqasının seçmə mərhələsində “Neftçi”də çıxış edən və 3 oyuna 2 qol vuran, daha sonra “Bursaspor”a transfer olan Namik liqada 23 oyunda 1735 dəqiqə meydanda olub. O, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.
27 yaşlı azərbaycanlı Massimo Bruno ilə birlikdə komandanın ən məhsuldar adı olmasına baxmayaraq, xüsusilə son 5 həftədə susqunluğu ilə diqqət çəkir. Liqada son qolunu dekabrın 11-də “Manisa” matçında vuran Ələsgərov fevralın 5-də “Altınordu” ilə oyunda son qol ötürməsini edib. Yəni son 5 həftədə hesaba töhfə verə bilməyən Ələsgərov qaçırdığı epizodlarla saç-baş yoldurub. Yeni baş məşqçi Mustafa Erin qalan 10 həftədə Namik Ələsgərovun əvvəlki formasını bərpa edəcəyi gözlənilir”.
Buna baxmayaraq, əksər azarkeşlər sözügedən yazıyla razılaşmayaraq forumlarda iradlarını bildiriblər. Onlardan bir neçəsini təqdim edirik:
“Bu adamı bəsləyən Bruno idi, o olmayınca, Namik də effektsiz qaldı”.
“Azərbaycan millisindən gəlib. Köhnə “Bursaspor”u göstərib gətiriblər. O da böyük komandaya gəldiyini düşünürdü. Bir neçə oyun yaxşı keçdi. Gördü ki, klub və komanda “dəhşət”dir. O da özünü “buraxdı”.
“Dəstək ala bilmir, təkbaşına nə edəcək? Məncə, o, keyfiyyətli oyunçudur”.
“Namik çox istedadlıdır. Sən bir bu adamın maaşını ver, gör necə oynayır. Futbolçunun yaxşı-pis günləri yox, maaş aldığı və almadığı gün olur".
Mirağa