Maltada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Martın 25-də meydan sahibləri ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan milli Latviya ilə üz-üzə gələcək.
Yığmamızın keçmiş üzvü, tanınmış mütəxəssis Ceyhun Sultanov Fanat.Az-a açıqlamasında Malta ilə oyunu dəyərləndirib, Latviya ilə qarşıdakı görüşdən gözləntilərini dilə gətirib.
"Malta ilə oyunun çox pis alınmasının başlıca səbəbi heyətlə bağlı qeyri-müəyyənlikdir. Hansı futbolçunun harda oynadığı bilinmirdi. Futbolçu öz mövqeyində deyilsə, o özünü rahat hiss edə bilməz. Belədə, onlar üçün oynamaq asan olmur. Görünən odur ki, Canni De Byazinin tətbiq etdiyi sistemi komandada onun özündən başqa heç kim başa düşməyib. Bu qədər təcrübəm var, futbolçu olmuşam, klub idarəçisi işləmişəm. İlk dəfə görürdüm ki, eyni tipli dörd dayaq yarımmüdafiəçisi bir yerdə oynayır. Buna görə də normal şəkildə nə hücuma keçə, nə də müdafiə oluna bilirdik.
Açığı, bir məqam da diqqətimdən yayınmadı. Futbolçularda həvəs, istək, əzmkarlıq görmədim. Bir sözlə, Malta ilə oyunun bərbad alınmasının səbəbləri heyətin düzgün seçilməməsi, sistemin bizə yad olması və futbolçuların həvəssiz çıxış etməsi idi".
42 yaşlı veteran futbolçu bugünkü qarşılaşmada yaxşı oyun və yaxşı nəticəyə ümid etmir:
"Latviya ilə oyun da yoldaşlıq görüşüdür. Yəni nəticə etibarilə itirəcəyimiz nəsə yoxdur. Uduzacağımız halda, bir şey itirələcək, o da reytinq xallarıdır. Çalışıb sərbəst, rahat oynamalıdırlar. Futbolçular imkanlarından maksimum istifadə etməlidir. Bununla belə, oyunda dəyişiklik olmasa, nə etsən də, effekt ala bilməyəcəksən. Bu görüşlər Millətlər Liqasına hazırlıq üçündürsə, həm oyunumuzu dəyişməliyik, həm də yanaşmamızı. Açıq deyəcəm, mən milli komandanın içərisində xaos yaşandığını görürəm. Kimin nə ilə məşğul olduğu belə, bilinmir. Latviya ilə oyunda buna şahid olmaq istəməzdim. Daha kompakt, daha təşkilatlanmış komanda görmək istəyirəm. Sözün açığı, bu oyun ümid vermir, amma millidən həmişə yaxşı oyun və yaxşı nəticə gözləmək, ona dəstək olmaq lazımdır".
Sultanov baş məşqçi Canni De Byazinin heyət seçiminə də toxunub:
"Milliyə oyunçu seçimi birbaşa baş məşqçiyə aid olan məsələdir. Seçimi baş məşqçi etmirsə, onda getsin, başqa işlə məşğul olsun.
Ola bilər kimsə qıraqda qalıb, indiki heyətə çağırılmayıb. Bu, normaldır. Bir məşqçidən hamı tam razı qala bilməz. Sual odur ki, gələn futbolçu nəyisə dəyişə biləcəkmi? Bəlkə qrupdan çıxaracaq? O səviyyədə futbolçumuz yoxdur. Bir az aşağı, bir az yuxarı - hamısı eyni səviyyədədir. Əslində, bu heyət genişdir. Sadəcə, futbolçulardan düzgün şəkildə və maksimum istifadə etmək lazımdır. Ən azı Maltadan zəif deyilik. Amma oyun və nəticə baxımından onlardan zəif göründük. Futbolçulardan bacardığının maksimumunu tələb etmək lazımdır".
Qeyd edək ki, Latviya ilə görüş Ta Qalidəki Milli stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mirağa