Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Malta yığmasına qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Oyuna çox yaxşı başladıq. Qol imkanımız oldu. Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, məğlubiyyətdən razı qala bilmərik. Bu gün meydanda əsl komanda gördük.
Rəqibin hesabı açdığı epizodda hakim bizim lehimizə qərar verməli olsa da, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi.
Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı. Meydanda yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Ona görə Almeydanı qeyd etdim. Həmçinin Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Bu futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, görüşdə pozitiv məqamlar gördüm".