21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç "Fanday" nəşrinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis dünya çempionatının püşkatmasını dəyərləndirib:
"Serbiyada DÇ-2022-nin püşkatmasına gülürdülər. Serbiya yığmasının qrupdakı 3 rəqibindən 2-nin yenə eyni komandalardır. Görünür, kimsə 4 il ərzində topları dəyişdirməyi unudub, rəqiblər eynidir. Yalnız Kosta-Rikanı Kamerun əvəzləyib. Təbii ki, Braziliya qrupun favoritidir. Amma əvvəlcə İsveçrəyə borcumuz var. Qrupdan çıxmaq üçün real şans mövcuddur. Serbiyanın son iki ildə oynadığı futbolla mundialda daha uzağa gedə bilərik. Bu komandadan gözləntilər çox böyükdür. Gözlənilməz olan yeganə məqam dünya çempionatının ilk dəfə qışda keçirilməsidir. Noyabr - dekabrda kimin hansı fiziki durumda olacağını proqnozlaşdırmaq çətindir. İlk olaraq qrup mərhələsində futboldan həzz almaq istəyirəm. Daha sonra Serbiya ilə yanaşı, simpatiya bəsləyəcəyim komanda olacaq".
Obradoviç Serbiya seçməsinə rəhbərlik etmək arzusunun olduğunu da gizlətməyib: "Milliyə rəhbərlik etmək hər bir mütəxəssisin xəyallarının zirvəsidir. Hazırda komandaya böyük mütəxəssis Draqan Stoykoviç rəhbərlik edir. Onun AVRO-2024-ün sonunadək müqaviləsi var. Yəni, mənim təyinatım baş versə, tezliklə olmayacaq".
45 yaşlı çalışdırıcı illər öncə çalışdığı Ukrayna barədə də danışıb: "Ukraynalılar bu mübaribədən qalib çıxacaqlar. Ukraynada baş verənləri ağlasığmazdır. Bu durum məni çox incidir. Təkcə ona görə yox ki, bir çox ilimi Ukraynada keçirmişəm. Həm də ona görə ki, zorakılıq və qəddarlığın istənilən təzahürünə qarşı kəskin mövqedəyəm. Xarkov, Kiyev, Vinnitsa, Vışqorod və Odessadan olanlarla daim əlaqədəyəm. Dostlarım bütün Ukraynaya səpələnib. Hər biri bu və ya digər formada müharibədə iştirak edir. Kimisi ərazi müdafiəsində, kimisi blokpostlarda, digərləri də könüllü fəaliyyətlə məşğul olur.
Ukraynalıları düşünə-düşünə yatıb-dururam. Allaha dua edirəm ki, hamısı sağ-salamat olsun. Hamınıza normal həyata qayıtmağı arzulayıram. Bilin ki, indi nə qədər dəhşətli olsa da, gec-tez buludlar yox olacaq və gün doğacaq. Siz yenidən gülümsəməyə başlayacaqsınız. İstənilən halda, bu müharibədən qalib çıxacaqsınız. Bu savaş onsuz da cəsur xalq kimi sizi daha da birləşdirəcək, cəmləşdirəcək".
Qeyd edək ki, 2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edən Milan Obradoviç 2006 - 2013-cü illərdə futbolçu karyerasında Ukraynada "Metallist" (Xarkov) klubunun formasını geyinib.