Futbol üzrə Qazaxıstan millisinin sabiq futbolçusu Bulat Esmaqambetov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Bakıda Azərbaycana qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında Qazaxıstan yığmasının şanslarını belə dəyərləndirib:
“Evdə Belarusa qarşı keçirəcəyimiz oyun çox önəmlidir. Bu qarşılaşmada qələbə qazanmalıyıq. Azərbaycanla oyunda qələbə şansımız azdır. Ancaq yığmanın qrup birincisi olmaq şansı yüksəkdir. Bunun üçün bir qələbə lazımdır. Hərçənd bu, elə də asan olmayacaq. Belarus və Azərbaycan daha optimal vəziyyətdədir. Qarşıdakı oyunlar əvvəlkilərdən qat-qat çətin olacaq. Bununla belə, komandamıza inanıram. Düşünürəm ki, onlar tarix yaza bilərlər”.
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan qarşılaşması saat 20:00-da başlayacaq.