Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Azarkeşlər dünya çempionatının açılış mərasiminin və digər günlərdə keçiriləcək oyunların biletlərini iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Mundiala günlük biletlərin qiyməti 10-50 manat aralığındadır. Bilet əldə edən azarkeşlər Milli Gimnastika Arenasındakı çempionatın gün ərzində keçiriləcək bütün oyunlarını izləmək imkanı qazanacaq.
Mayın 21-də DÇ-2025-in rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə heyrətamiz lazer və mappinq şoular təşkil ediləcək. Xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki öz mahnı və çıxışları ilə qonaqları əyləndirəcəklər.
Qeyd edək ki, mayın 21-də təşkil olunacaq açılış mərasimi saat 21:00-da başlayacaq.