Azərbaycanın minifutbol üzrə milli komandası dünya çempionatının 1/8 final mərhələsində son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, erkən final adlandırılan duel Milli Gimnastika Arenasında keçiriləcək.
A qrupunu lider kimi tamamlayan Azərbaycan millisi növbəti mərhələdə B qrupunun ikincisi Rumıniya ilə sabah - mayın 27-də üz-üzə gələcək. Oyun saat 20:30-da başlanacaq.
Qeyd edək ki, son illər tərəflər tez-tez üz-üzə gəlir. Millimiz çempion olduğu AÇ-2022-ci ildə Rumıniya ilə iki dəfə qarşılaşıb. Qrupda rəqibinə 0:1 yenilən minifutbolçularımız finala qədər irəliləməyi bacarmış, həlledici oyunda məhz rumınları eyni hesabla məğlub edərək tarixində ilk dəfə qitə çempionu olub. Yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Azərbaycan millisi ötən il Monteneqroda təşkil olunan beynəlxalq turnirdə dünya çempionu Rumıniya ilə qarşılaşaraq uduzub - 0:1.
Bakıda təşkil olunan dünya çempionatına iyunun 1-də yekun vurulacaq.