12:44 06.12.2019 1003

“Neftçi”nin qətlə yetirilən rəisi - Onun haqda nə bilirik?

Azərbaycan futbolunun uğurlarından danışanda ilk olaraq "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatında tutduğu 3-cü yer yada düşür. Əlbəttə, bu uğurun ən böyük memarları futbolçular və baş məşqçi Əhməd Ələsgərov idi. Amma kölgədə qalanlar da var. "Neftçi"nin bürünc medalı qazanmasında digər insanların da əməyi az olmayıb. Onlardan birini, bəlkə də birincisini xatırlamaq yerinə düşər.

İnternetdə axtarış versək, bu şəxs haqqında çox səthi məlumat toplaya bilərik - 1966-cı ildə "Neftçi"yə rəis təyin olunub, müxtəlif vaxtlarda İdman Komitəsində çalışıb. Son iş yeri "Məhsul" Könüllü İdman Cəmiyyəti olub. 1985-ci ilin martında iş otağında bıcaqlanaraq öldürülüb. Vəssalam! Hə, bir də Qusar şəhər stadionu onun adını daşıyır. Daha çox sonuncu məlumat söhbətin Şövkət Orduxanovdan getdiyindən xəbər verir. Kim idi Şövkət Orduxanov? "Neftçi"nin ən böyük uğurunda onun hansı xidmətləri olub? Azərbaycan idmanına nə kimi xeyri dəyib?..

Fəhləlikdən sədrliyə gedən yol

Əvvəla Azərbaycanda nadir soyadlardan olan Orduxanovdan başlayaq. Orduxan Şövkət müəllimin ulu babasının adıdı. Dağıstanın Axtınsk rayonunun Cəbə kəndində yaşayıb. 20-ci əsrin əvvəllərində ailəsi ilə birlikdə Göyçaya işləməyə gəlib və 1916-cı ildə vəfat edib. 2 il sonra Orduxan kişinin oğlu Ağamirzə Göyçaydan Qusara köç edib. Bənna və tar düzəldən usta Ağamirzənin 5 övladı olub - 3 oğul, 2 qız. Böyük oğlu Abdulla 2-ci Dünya Müharibəsi başlayanda Qusarın birinci katibi imiş. Müharibəyə könüllü yollanıb. Cəbhədən qayıtdıqdan sonra da daim məsul vəzifələrdə çalışıb. O cümlədən, Bakı Metropoliteninin rəhbəri və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sədr müavini olub. Abdulla Orduxanovun ailəsində 4 uşaq böyüyüb - Şövkət, Rafiq, Vaqif və Anelya. Bütün bu məlumatları Orduxanovlar ailəsinin yeganə sağ qalmış üzvü Anelya Orduxanovadan almışıq. Anelya xanım mətbuatda tanınmış simadı. Əməkdar jurnalistdir, SSRİ dövründə "Azərbaycan gəncləri" qəzetində çalışıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə o dövr üçün populyar olan "Kokteyl" qəzetini və "Ceyla" jurnalını təsis edib. Respublikada keçirilən ilk gözəllik müsabiqəsinin təşəbbüskarı və təşkilatçısıdı.

Şövkət Orduxanovdan bəhs edirdik. 1935-ci il noyabrın 30-da Bakıda anadan olub. Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə düşən gənc Şövkət o dövr üçün nə qədər çətin olsa da, yaxşı təhsil almağı bacarıb. İxtisasca inşaatçı olan Abdulla kişi oğlunu öz davamçısı kimi görmək istəyib. Bu üzdən orta məktəbi bitirdikdən sonra ona sənədlərini İnşaat Texnikumuna verməyi məsləhət görüb. Köhnə kişilərin sözündən çıxmaq böyük cəsarət tələb edirdi. Şövkət atasının istəyi ilə sənədlərini həmin təhsil ocağına versə də, bir müddət sonra kimsədən xəbərsiz Bədən Tərbiyəsi Texnikumuna qəbul olub. Anelya xanım həmin günləri belə xatırlayır: "Gənc yaşlarından Şövkətin idmana böyük həvəsi var idi. Təkbaşına komanda yaradır, müxtəlif turnirlər təşkil edirdi. Onda anadangəlmə təşkilatçılıq istedadı olub. Atamın istəyi ilə sənədlərini Gəncə İnşaat Texnikumuna verdi. Amma bir müddət sonra məlum oldu ki, o, Bədən Tərbiyəsi Texnikumunu seçib. Bu xəbər atamı çox sarsıtdı. Axı, övladı onun sözünü yerə salmışdı. İcazəsiz addım Şövkətə baha başa gəldi. Atam cibxərcliyini kəsdi, mənzilin açarlarını əlindən aldı. Biz onda atamın işi ilə əlaqədar Gəncədə yaşayırdıq. 1951-ci il idi. Atam Gəncə İcraiyyə Komitəsinin sədriydi və Mərkəzi Komitənin qərarı ilə onu Naxçıvana göndərdilər. Gəncədən çıxanda 16 yaşlı Şövkətin bizi yola saldığı baxışlar indi də gözlərim önündədi. Anam sakit-sakit ağlayırdı. Atamın isə heç tükü də tərpənmirdi. Bəlkə də özünü belə göstərirdi..."
 


Tanımadığı şəhərdə pulsuz və evsiz qalan Şövkət Orduxanov çətinliklərə rəğmən ayaqda qalmağı bacarıb. 2 il yataqxanada komendantlıqla, fəhləliklə cibxərcliyini çıxaran Şövkət Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (ADBTİ) daxil olub və 1956-cı ildə oranı bitirib. Savadı və bacarığı sayəsində tədricən özünə karyera qurub. 1954-57-ci illərdə "Fizkulturnik Azerbaydjana" qəzetində müxbirlik edib, 1962-ci ildə Bədən Tərbiyəsi İnstitutunda prorektor, bir il sonra Bədən Tərbiyəsi və İdman Komitəsində şöbə müdiri olub, 1966-cı ilin avqustunda isə "Neftçi"yə rəis vəzifəsinə təyin edilib. 1968-ci ildə "Neftçi"dən ayrılıb və komitəyə bu dəfə sədr müavini kimi qayıdıb. 1978-ci ildən ömrünün son gününə qədər  "Məhsul"a rəhbərlik edib.

Şövkət müəllim 2 dəfə evlənib. Birinci həyat yoldaşı Valentina əslən Rusiyanın Oryol şəhərindən idi. Həndbolçu olan Valya ADBTİ-də Orduxanovla birgə təhsil alırdı. 1-ci kurs tələbəsi olarkən qrup yoldaşı ilə ailə həyatı quran Şövkət müəllimin bu nikahı o qədər də uğurlu olmayıb. Uşaqları olmayan ailə uşaq evindən 8 aylıq İradəni övladlığa götürüb. Amma bir neçə il sonra boşanıblar. Valentina İradə ilə birlikdə Oryola köçüb. Ayrılığa baxmayaraq, keçmiş ailəsi ilə həmişə əlaqə saxlayıb, özünə məxsus evi onlara bağışlayıb, hər ay pul göndərib, İradənin bütün toy xərclərini qarşılayıb. Bir sözlə, əsl atalıq qayğısı göstərib. Yeri gəlmişkən, İradə bir neçə il əvvəl dünyasını dəyişib. Valentina da həyatda deyil.

Şövkət müəllim 1968-ci ildə ikinci dəfə ailə həyatı qurub. Bu dəfə "İdman" qəzetinin müxbiri Xədicə Ağayeva ilə.  Azərbaycanda ilk qadın idman jurnalisti olan Xədicə xanım sonradan Orduxanova soyadını götürüb. Cütlüyün bu izdivacdan 2 qızı dünyaya gəlib - Sevinc və Fidan. Qeyd edim ki, qızların hər ikisi ərdədir, Sevinc hazırda İsraildə, Fidan isə ABŞ-da yaşayır. Şövkət müəllimin xanımı Xədicə xanım isə bir neçə il əvvəl Fidanın yanına köçüb.

Üstü açılmayan qətl və...

İnternetdə Şövkət müəllimlə bağlı rast gəlinən məlumatlardan ən çox maraq doğuranı təbii ki, onun qətli ilə bağlıdı. Onu kimlərin və nəyə görə öldürdüyünü qatilləri və bir də Allah bilir. 1985-ci il martın 24-ü, şənbə günü. Şövkət Orduxanov qeyri-iş günü olmasına baxmayaraq, adəti üzrə səhər işə gedib. Səhər saat 10 radələrində isə qətlə yetirilib. Sonradan məlum olub ki, bundan bir qədər əvvəl Qriqori adlı gözətçi də öldürülüb. İstintaqın gəldiyi qənaətə görə, qatillər 2 nəfərmiş. Özü də Şövkət müəllim onları yaxından tanıyırmış. Belə olmasaydı, özü ilə işə apardığı termosdan onlara çay süzməzmiş. Qatillər əvvəl Şövkət müəllimin başına küt alətlə zərbə endiriblər. Huşunu itirdikdən sonra ürək nayihəsinə 8 bıçaq zərbəsi vurublar. Daha sonra kabinetdəki seyfdə axtarış başlayıb. Maraqlıdır ki, seyfdə olan 10 min rubl və işçilər üçün nəzərdə tutulmuş fransız ətirlərinə toxunulmayıb. Qatillərin məqsədi hansısa sənədi və ya Şövkət müəllimə məxsus olan nəyisə tapmaq olub. Abdulla Orduxanovun səyləri nəticəsində istintaqa ən yaxşı müstəntiqlər cəlb olunub. Hətta Moskvadan da mütəxəssislər çağırılıb. Amma onlar nə qədər çalışsalar da, cinayəti aça bilməyiblər. Qısası, Şövkət müəllimin "qanı batıb".

...yarımçıq qalmış planlar

Şövkət müəllim Azərbaycan idmanı üçün böyük işlər görüb. Elə 1978-ci ildən rəhbərlik etdiyi "Məhsul"dakı fəaliyyəti, qısa zamanda bu cəmiyyəti nəinki respublikada, hətta SSRİ-də ən yaxşılardan birinə çevirməsi (1982-ci ildə SSRİ spartakiadasında 5-ci yer - İ.T.), ən əsası "Neftçi"nin futbol tariximizdə ən böyük uğurunda pay sahibi olması dediklərimizə sübutdu. "Neftçi"nin bürünc medallarından sonra bir çoxları kimi ona da fəxri ad verilmişdi - əməkdar idman xadimi. O, idman sahəsində Azərbaycanın beynəlxalq əlaqələri mövzusunda kitabça hazırlamışdı. Respublikada atçılıq idmanının inkişafı ilə bağlı dissertasiya müdafiə etməyə hazırlaşırdı. Anelya xanım deyir ki, atası dəfələrlə müdafiəni tezləşdirməsini tələb edəndə hər dəfə "bir fəxri ad hələ ki, bəs edir" deyə, söhbətdən yayınırdı. O, Azərbaycan rayonları arasında spartakiada keçirməyi planlaşdırırdı. Maraq üçün qeyd edək ki, öldürüldüyü zaman seyfdə olan 10 min rubl spartakiadanın təşkilatı işləri üçün nəzərdə tutulmuşdu. Bunu istintaqçılara Şövkət müəllimin katibəsi Liliya bildirmişdi. Onun planlarında şimal rayonlarımızda qış idman növlərini inkişaf etdirmək də var idi. 50 illik yubileyinin astanasında həyatdan köçən Şövkət Orduxanov Qusarda dəfn edilib. "Məhsul"a rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə qurulan Qusar şəhər stadionu mərhumun adını daşıyır.



"Neftçi"yə onun kimi rəis gəlməyib!"

Bayaq qeyd etdiyimiz kimi, "Neftçi"nin 1966-cı ildəki uğurunda pay sahiblərindən biri də komandanın o vaxtkı rəisi Şövkət müəllim idi. Bunu "Neftçi"yə "bürünc" qazandıran futbolçular da təsdiqləyir. Həmin kollektivdən cəmi 4 nəfər həyatdadı - Kazbek Tuayev, Yaşar Babayev, Ağasəlim Mircavadov və komandanın həkimi Boris Xetaqurov. Yaşar müəllim xəstə olduğu üçün onunla əlaqə saxlaya bilmədik. Digərləri Şövkət müəllim haqqında ağızdolusu danışdılar.

Boris Xetaqurov Şövkət müəllimin ən yaxın dostlarından olub. Demək olar ki, eyni ildə əsas komandaya təyinat alıblar. Boris Nanayeviç 1966-cı ilin yanvarında əvəzedicilərin komandasından əsas komandaya gətirilib. Onun sözlərinə görə, "Neftçi"də ab-hava istənilən səviyyədə deyildi: "Fevral ayında Kislovodskda çempionat öncəsi toplanışdaydıq. Komandanın baş məşqçisi Vasili Nikolayeviç Sokolov idi. Ona Əhməd Ələsgərovla Valentin Xlıstov kömək edirdilər. Kislovodska olduğumuz müddətdə Sokolovun futbolçularla yola getmədiyini müşahidə etdim. Futbolçular onu xoşlamırdılar. Bakıya qayıtdıqdan sonra iclas keçirildi və narazılıq qismən aradan qaldırıldı. Komanda çempionata pis başlamadı. Amma zaman keçdikcə futbolçularla baş məşqçi arasında münaqişə yenidən baş qaldırdı və bu da get-getə nəticəyə təsir göstərdi. Sokolovun gedişi qaçılmaz idi".

Boris Nanayeviç deyir ki, 1966-cı ilin avqustunda Fransanın "Tuluza" komandası ilə Bakıda keçirilən beynəlxalq oyunda baş verən insident Sokolovun gedişində katalizator rolunu oynadı. Komanda gənc Əhməd Ələsgərova tapşırıldı. O vaxt İdman Komitəsində işləyən Şövkət Orduxanov isə komandaya rəis gətirildi. Buna kimi bu vəzifəni kağız üzərində komandanın ikinci məşqçisi Valentin Xlıstov icra edirdi: "Məhz Şövkət müəllimin gəlişindən sonra kollektivdə vəziyyət düzəlməyə başladı. "Neftçi"nin bürünc medalları qazanmasında onun əməyi danılmazdı. Qısa zamanda komandanı bir ailəyə çevirməyi bacardı. Təşkilatçılıq bacarığına söz ola bilməzdi. Əhməd Ələsgərovun rəhbərliyi altında ilk oyunumuzu Rostovda OİK-ə qarşı keçirdik və 1:0 hesabı ilə qalib gəldik. Bu da komandaya əlavə motivasiya verdi, yeni məşqçiyə və rəisə inamı artırdı. Çox hörmətli birisi idi. Sıravi işçilərdən tutmuş yüksək vəzifəli şəxslərə kimi hamı onun xətrini istəyirdi".

"Neftçi"də başlayan yoldaşlıq sonradan ailəvi dostulağa çevrilib. Şövkət müəllim Xədicə xanımla evlənəndə toyun təşkilatçılarından biri məhz Xetaqurov olub. Şövkət müəllim qətlə yetirilənə kimi bu dostluq əlaqələri davam edib: "Voronejdə "Fakel"lə oyuna getmişdik. Xəbər gəldi ki, Şövkət müəllimi öldürüblər. Hamı şokda idi. Ən yaxın dostunun öldüyünü eşitmək... Qismətə bax, Şövkət müəllimin toyunun da təşkilatçılarından biri mən idim, dəfninin də..."

"Neftçi"nin canlı əfsanəsi Kazbek Tuayev də Şövkət müəllimin yaxın dostu olub. Onların tanışlığı 60-cı illərin əvvəllərinə təsadüf edir: "Mən "Neftçi"yə gələndə Şövkət müəllim İdman Komitəsində rəhbər vəzifədə idi. Komandada işləməsə də, bir ayağı bazada olurdu. Gənc olmasına baxmayaraq, çox hörmətli birisi idi. Sıravi işçilərdən tutmuş rəhbər şəxslərə kimi hamının yanında hörmət qazana bilmişdi. O, "Neftçi"yə rəis təyin olunandan sonra komandada mehribançılıq daha da artdı. Təsəvvür edin ki, 20-ə yaxın futbolçunun hamısı Şövkət müəllimi qardaş kimi sevirdi. Çünki hər kəslə ilə öz dilində danışmağı bacarırdı. Daim futbolçuların yanında idi, onların bütün problemləri ilə maraqlanırdı. Onda sanki xüsusi istedad var idi. Həm də əla təşkilatçı idi. Hamı ilə dostluğu səmimiyyət üzərində qurmuşdu. Buna sübut kimi bir hadisəni danışım. Şövkət müəllimin toyunun ertəsi günü ona sürpriz etmək qərarına gəldik. Bütün futbolçular bir nəfər kimi qonaq getdik və gecə yarısına kimi xoş gününü qeyd elədik. Bu da bizim ona qeyri-adi toy hədiyyəmiz oldu. Orduxanovun ölüm xəbəri hamı məni də sarsıtdı. Futbolla vidalaşdıqdan sonra özümün futbol məktəbini təsis etmişdim. Yeri gəlmişkən, həmin məktəb bu gün də fəaliyyətini davam etdirir. Məktəb "Məhsul"la ilə eyni binada yerləşirdi. Şənbə günü olduğundan işdə deyildik. Xəbər yayıldı ki, Şövkət müəllimi qətlə yetiriblər. Çox adamdan ifadə aldılar. O cümlədən, məndən də. Ən yaxşı tədqiqatçılar işə cəlb olundular. Təəssüf ki, qatillər tapılmadı. Onun ölümü nəinki ailəsinə və yaxınlarına, həmçinin, Azərbaycan idmanına böyük zərbə oldu".
 


"Neftçi”yə onun kimi rəis gəlməyib!” Bu sözlər isə "bürünc" "Neftçi"nin həyatda olan sonbeşiyi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova məxsusdu: "O, "Neftçi"yə rəis təyin olunanda mən Bədən Tərbiyəsi İnstitutunun tələbəsi idim. Bir kitabçası var idi. Orada futbolçularla yanaşı, sıravi işçilər barədə məlumatları qeyd edirdi. Hamının problemlərindən xəbərdarıydı. Bir dəfə mənə dedilər ki, Şövkət müəllim səni yanına çağırır. Adətən, belə çağırışlar hansısa problemin olmasından xəbər verirdi. Nigarançılıq içində otağına daxil oldum. "Ağasəlim, institutda "zaçot"un qalıb, niyə gedib vermirsən?" deyə, soruşdu. Demə, həqiqətən qılıncoynatmadan "zaçot"um var imiş, yaddan çıxarmışam. Amma o, unutmamışdı. "Tapşırmışam, sabah instituta get, qiymət kitabçanı da unutma" deyərək, məni yola saldı".

Ağasəlim müəllim deyir ki, Orduxanovun təkcə komandada deyil, İdman Komitəsində, yüksək dairələrdə, hətta Moskvada da böyük hörməti var idi. Sözlərinə sübut kimi bir əhvalat danışdı: "O vaxtlar komandaların xarici səfərlərə getməsi çətin idi. Mərkəzin icazəsi olmadan bunu etmək mümkün deyildi. "Neftçi"yə səfərlər əsasən Afrika və ərəb ölkələrinə verilirdi. Moskva və Ukrayna komandaları isə daha prestijli Avropa ölkələrinə göndərilirdilər. Özü də hər şey 5-6 ay əvvəldən məlum olurdu ki, sənədləri toplamaq mümkün olsun. 1967-ci il idi. Almaniya Federativ Respublikasına beynəlxalq turnirə gedəcəyimizlə bağlı gözlənilməz xəbər aldıq. Özü də 5-6 ay əvvəl yox, turnirə cəmi bir neçə həftə qalmış. Sonradan bildik ki, bu, Şövkət müəllimin əməyi imiş. Həmin turnirə Moskvanın ÇSKA komandasının əvəzinə, Şövkət müəllimin səyləri nəticəsində biz getdik. Orada 3 oyun keçirdik. Bu, bizim üçün böyük təcrübə oldu. Ən maraqlısı isə o idi ki, Almaniyada olduğumuz müddətdə "Bavariya" - "Borussiya" (Dortmund) oyunu var idi. 1 günün içində səfirliklə danışıb bilet təşkil etdi və həmin oyunu canlı izlədik".

Azərbaycan futbolunda ad qoymuş yüzlərlə futbol veteranımız var. Hər biri futbol tariximizdə özünəməxsus iz qoyublar. Xatırlananları da var, unudulanları da. Eyni sözlər idman xadimlərimizə aiddir. Şövkət Orduxanov haqqında qarşıma çıxan sonuncu yazının azı 15 yaşı var. 2001-ci ildə "Futbol+", bir qədər sonra isə "İdman" qəzeti onu yada salmışdı. Şövkət müəllim kimi insanları unutmağa haqqımız çatmır.

İlqar TAĞIYEV
"525-ci qəzet"
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2020
11:01

Levandovski rekordunu yenilədi

10:31

Azərbaycan idmanına itki üz verdi - FOTO

10:24

"Qalatasaray"ın test nəticələri açıqlandı

09:58

Azərbaycana üz tutan məşhur futbolçular, ağlasığılmaz maaşlar - ARAŞDIRMA

08:20

Ölkənin ən gözəl qadın idmançısı - FOTOLAR

06 İyun 2020
23:19

Millimizin üzvü Avropa klubunda ilk qolunu vurdu

20:04

6 qolluq oyunu "Bavariya" qazandı - VİDEO

19:20

Ronaldunun 1,5 milyon avroya aldığı villa - FOTOLAR

18:50

Holand: "Hummels kimi olmaq istəyirəm"

18:20

"Səninlə fəxr edirəm" - Serena Uilyamsdan həyat yoldaşına dəstək

17:42

Karyerasını "Real"da bitirmək istəyir

17:14

MOK: "İddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır"

17:09

"Ronaldu öz generasiyasının ən yaxşı futbolçusudu"

16:44

Bundesliqada may ayının ən yaxşı qolları - VİDEO

16:14

Qayıtdı - "Barselona"nın ulduzu ilə bağlı SON XƏBƏR

16:12

Arvadının "Instagram" paylaşımlarına görə klubdan qovuldu - FOTOLAR

15:42

İtaliya nəhəngi 126 milyon avro zərər edib - Rekord

15:16

Messi yenə fərdi məşq etdi - FOTOLAR

15:00

Gözəl gimnastın bu paylaşımı təqibçilərini coşdurdu - FOTO

14:52

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüb"

14:36

"İrqçi təhqirlərə məruz qalsam, meydanı tərk edəcəm" - "Mançester Yunayted"in futbolçusu

14:08

Hakimi "Real"a qayıdır? - SON DURUM

13:34

Kevin Dyurent oynamayacaq: "Mənim üçün mövsüm bitib"

13:12

1281 manatlıq idman ayaqqabısı geyinən azərbaycanlı müğənni kimdir? - FOTO

13:04

"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

12:40

Azərbaycanlı iş adamı "AZE Nakchivan-Köln" klubu üçün 800 min avroluq stadion tikdirir

12:29

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq - ÖZƏL

12:26

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidi? - SİYAHI

12:20

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

12:02

Bundesliqada bu gün: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

11:34

"Yaxşı ki, "Barselona"ya keçməmişəm" - Di Mariya

11:19

Millimizin hücumçusu: "Həftəsonu qadağaların olması çempionata təsir edəcək"

10:50

Modriç Ronaldu ilə Mourinyunun davasından danışdı: "Kriştianu ağlayacaqdı..."

10:46

"Qarabağ"ın ilk transferi kolumbiyalı oldu

10:16

Balotelli ilə yollar ayrıldı

09:35

Bundesliqa: "Borussiya" uduzdu - VİDEO

09:10

Maykl Cordan irqçiliklə mübarizəyə 100 milyon dollar ayırdı

08:20

"Playboy" modeli futbol klubunu aldı, qızı ən gənc prezident oldu - FOTOLAR

00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

Facebookdan bizi izləməyi unutmayın.