Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Telefoot": Fransa millisinin hücumçusu Markus Türam "Borussiya Münhenqladbax" ilə müqavilə yeniləməyəcək. O, iyun ayında klubunu azad agent kimi tərk edəcək. 25 yaşlı hücumçuya gələn təkliflər belə qərar verməsinə səbəb olub. Forvard "Çelsi", "Mançester Yunayted", "İnter", "Bayern Münhen" və PSJ kimi klubların diqqət mərkəzindədir.
İnsayder Fabritsio Romano: "Barselona" "Bayern Münhen"in müdafiəçisi Benjamen Pavarı heyətinə qatmağı planlaşdırır. Maliyyə sıxıntısı yaşayan Kataloniya təmsilçisi azad agent olacaq futbolçular axtarışındadır. Fransa millisinin üzvünün də klubu ilə müqaviləsinin müddəti gələn il başa çatır. Bu səbəbdən "Barselona" yayda Pavarı uyğun qiymətə almaq arzusundadır.
"Calciomercato": "Real Madrid" iki forvard arasında qalıb. Yanvarda hücum xəttini gücləndirmək fikrində olan La Liqa təmsilçisi Kərim Benzemaya əvəzedici axtarır. Kral klubu "Malyorka"dan Vedat Murik və "İnter"dən Edin Cekonu bəyənib.
Röya