Azərbaycanın qadınlardan ibarət milli futbol komandası yeni turnirdə iştirak edəcək.
Bu barədə Fanat.Az-a yığmamızın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
"Komandada hər şey qaydasındadır. Artıq bütün rəsmi oyunlar başa çatdığı üçün yeni püşkatmanı gözləyirik. Bu ildən kişi futbolunda olduğu kimi qadın futbolunda da Millətlər Liqası keçiriləcək. Aprel ayında turnirin püşkatma mərasimi olacaq və rəqiblərimiz bilinəcək. Paralel olaraq Avropa çempionatının da püşkatması olacaq. İnşallah, hər iki turnirdə milli komandamız Azərbaycanı təmsil edəcək".
Çalışdırıcı millinin üzvlərinin karyeralarında baş verən dəyişikliklərdən də danışıb: "Hər şey yaxşıdır. Əvvəlki kimi qızlarımız yenə legioner həyatı yaşayırlar. Vüsalə Seyfəddinova Türkiyədə klubunu dəyişdi. O, II dövrədə "Adana İdman Yurdu"ndan "Amedspor"a transfer oldu.
Bir də bu yaxınlarda "Rubin"də çıxış edən Ngar Mirzəliyeva Rusiyanın digər klubu "Zenit"lə müqavilə bağladı. Qalan qızların hamısı öz klublarında çıxışlarını davam etdirirlər. Türkiyədə çıxış edən futbolçularımız hələ mübarizə aparırlar.Çünki orada da çempionat davam edir. Rusiyada isə çempionat başa çatıb və yeni mövsümə hazırlaşırlar".
Röya