Türkiyənin zəlzələ bölgəsində olan qadın futbolçularımızdan biri də Kamilla Məmmədovadır.
Fanat.Az olaraq "Adana Demirspor"da çıxış edən millimizin üzvü ilə əlaqə saxladıq və durumunu öyrəndik:
"Adanadayam. Hadisə günü matçımız vardı. Oyundan gəldikdən sonra komanda ilə birgə yeməyimizi yedik, hər kəs otaqlarına yatmağa getdi. Səhərə yaxın saat 4-5 olardı səsə oyandım. Düşündüm ki, yəqin bayırda kimsə dalaşır. Yenidən yatağa uzandım. Sonra gördüm ki, başım hərlənir. Yataq silkələnirdi, şkaflarımız tərpənirdi. O anda həs kəs oyandı. Əlimizin altında olan paltarlardan geyinib bayıra çıxdıq. 7,7 güclə zəlzələ oldu. Ən güclü zəlzələ o gün oldu.
Hazırda klubun bazasında qalırıq. Bura təhlükəsizdir. Amma yenə də ara-sıra olur. Qorxu içində yatırıq. Mən böyük bir şok yaşadım. Hələ ki, Bakıya qayıda bilməmişəm. Çünki yollar bağlıdır və hələ oyunların olub-olmayacağı ilə bağlı qərar verilməyib. Bütün legionerlər hamımız buradayıq. Vətənə qayıtmaq üçün klubdan cavab gözləyirik".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə ölənlərin sayı 14 351 nəfərə çatıb, 63 794 nəfər isə yaralanıb.
Röya