"Futbolçu olduğumuz zaman biz də bəzən futzal oynayardıq. Ancaq bu idman növü Almaniyada çox da məşhur deyil. Azərbaycan millisində baş məşqçi işləyəndən, yerli yığma və klubların futzal uğurları ilə maraqlanmağa başladım. Deyə bilərəm ki, Azərbaycan futzalı yerli futbolu bir neçə addım qabaqlayır". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Cümə axşamı Bakıda futzal üzrə UEFA Kubokunun "Dördlər finalı" start götürür. Yarışı millimizin baş məşqçisi Berti Foqts da izləyəcək. Məhz Foqts fəxri qonaq qismində püşkatma zamanı “Barselona”nı təmsilçimiz “Araz”a rəqib edib.
UEFA-nın rəsmi saytına danışan alman mütəxəssis indiyədək futzal oyunu izləmədiyini bildirib: "Özüm də parketdə oynamışam, ancaq buna rəğmən, futzal oyununu canlı izləməmişəm. Bunu futbolla müqayisə etmək düz olmazdı. Fəlsəfə fərqlidi. Top, yanaşma tərzi və qapıların ölçüsü də fərqlidi".
Foqts azarkeşləri əsl bayram ovqatı gözlədiyini deyib: "Əminəm ki, yerli azarkeşlər həqiqətən də bayram ovqatı yarada biləcəklər. Bu mərhələ avropalı futzal həvəskarlarına nəinki maraqlı yarış, həmçinin, azərbaycanlı azarkeşlərin komandasına ruh verə bildiyi məqamlarla yadda qalacaq".
Fanat.az